Zaqatalada tanınmış aşıq-şairin xatirə gecəsi keçirilib

 

Şəki Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Zaqatala rayon Bəhmətli kənd Mədəniyyət evində Zaqatala saz-söz mühitinin tanınmış simalarından olan Cahangir Dalğının (Mütəllibov Qeyfəddin Əmrullah oğlu; 1929-1982) yaradıcılığına həsr olunmuş “Dalğına tor quran dünya” adlı xatirə gecəsi keçirilib.

Rayon İcra Hakimiyyəti və rayon MKS-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, institutun əməkdaşları – filologiya üzrə fəlsəfə doktorları Qalib Sayılov, Atəş Əhmədli, Zümrüd Mənsimova, C.Dalğının ailə üzvləri, mədəniyyət və təhsil işçiləri, ziyalılar iştirak ediblər.

Tədbiri açan MKS-nin direktor əvəzi Leyla Məmmədova Zaqatalada folklor və aşıq yaradıcılığı, bu sənətin tanınmış nümayəndələri haqqında danışıb.

AAB-nin sədri Məhərrəm Qasımlı Zaqatala rayonu və xüsusilə Bəhmətli kəndinin ədəbi mühitindən söz açıb. Qeyd edib ki, Zaqatala folklorunun daha dərindən araşdırılmasına ehtiyac var. O, bu işdə folklorşünas Zümrüd Mənsimovanın xidmətlərini xüsusi qeyd edib.

Sonra Zümrüd Mənsimovanın toplayıb tərtib etdiyi “Dalğına tor quran dünya” kitabının təqdimatı keçirilib. AAB-nin qərarı ilə işıq üzü görən kitabın elmi məsləhətçisi professor Məhərrəm Qasımlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur.

Z.Mənsimova qeyd edib ki, kitabda Cahangir Dalğının yaradıcılıq nümunələri əksini tapıb. Tədqiqatçı müəllifi olduğu “Zaqatala aşıqları”, “Zaqatala folklor örnəkləri” və “Zaqatala aşıq mühiti” kitablarında da aşıq Cahangir Dalğının həyat yolu və yaradıcılıq irsi barədə bəhs etdiyini diqqətə çatdırıb.

Xatirə gecəsində digər çıxış edənlər C.Dalğının yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən, mövzu dairəsindən söz açıblar.

Məktəblilər sənətkarın şeirlərindən nümunələr söyləyiblər. Rayonun saz, tənbur ustalarının ifasında aşıq-şairin yaradıcılığından nümunələr təqdim olunub.