Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinə avqustun 5-də mədəniyyət paytaxtımız Şuşada yekun vurulub. Mədəniyyət naziri Anar Kərimov mərasimdə iştirak edib.

Müsabiqənin Bülbülün Şuşadakı ev-muzeyinin həyətində təşkil olunan final mərhələsi torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İlk olaraq Xalq artisti Mənsum İbrahimovun ifasında “Qarabağ” mahnısı dinlənilib. Xan Şuşinskinin ifasında səslənən “Şuşanın dağları” mahnısının lent yazısı musiqi bayramına xüsusi rəng qatıb.

Müsabiqəyə Xalq artistləri Arif Babayev, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik ediblər.

Ustad xanəndə Arif Babayev final mərhələsinin iştirakçılarına xeyir-dua verib. Bildirib ki, Şuşa Azərbaycan mədəniyyətinə böyük dühalar, musiqi xiridarları bəxş edib: “Çox şükür ki, Qarabağ torpağının üstündəyik, Şuşadayıq, alınmaz bir qaladayıq. Biz burda daim yaşayıb-yaradacağıq. Şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirəm...”. Xalq artisti muğam sənətinin yaşadılması və inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.

Sonra söz müsabiqənin finalçılarına verilib.

Gənc xanəndələr Fuad Əzizzadə, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Aynur Həsənxanova, Vüqar Əbilov, Pedram Rəncbər və Məftun Səfərli ilə yanaşı, azyaşlı ifaçılar Həzrət Əzizli, Fatimə Kərimova və Sabir Ağayevin çıxışları dinlənilib. Münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adları elan olunub.

Azyaşlı ifaçılar arasında birinci yerə Həzrət Əzizli, ikinci yerə Fatimə Kərimova, üçüncü yerə isə Sabir Ağayev layiq görülüblər.

Gənc xanəndələr arasında Fuad Əzizzadə birinci, Ülkər Abdullayeva və Aynur Həsənxanova ikinci, Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yeri tutublar.

Münsiflərin qərarı ilə Pedram Rəncbərə və Məftun Səfərliyə həvəsləndirici mükafatlar verilib.

Müsabiqənin digər iştirakçılarına diplomlar təqdim olunub.

Müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi qalibləri təbrik edərək deyib: “Biz bu müsabiqədə yeni istedadlar kəşf etdik, gözəl səslər, ifalar dinlədik. Muğam müsabiqəsinin yekununda mən bütün yaradıcı heyət, gənclər, musiqiçilər adından himayədarımız, klassik sənətimizin, ümumiyyətlə Azərbaycan milli mədəniyyətinin keşiyində dayanan ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etmək istəyirəm. Onun mədəniyyətimizə olan diqqət və qayğısı sayəsində milli-mənəvi dəyərlərimizin xeyli dərəcədə yüksəldiyinin şahidi olmuşuq. Yaşlı nəsil yaxşı xatırlayır ki, bir vaxtlar milli musiqimiz, ədəbiyyatımız, klassik poeziyamıza layiqincə dəyər verilməsi məsələsinə ümidsiz yanaşırdıq. Heydər Əliyev Fondu təşəbbüsü üzərinə götürəndən sonra bu gün böyük bir sənətkarlar nəsli yetişməkdədir. Bizim gələcək mədəniyyətimiz bu gün burada iştirak edən gənclərin, azyaşlı uşaqların çiyinləri üzərində olacaq...”.

Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.

Qalibləri təbrik edən Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşada muğam müsabiqəsində iştirak etməyin çox böyük uğur olduğunu söyləyib, müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Onun ifasında “Gülə-gülə ay xanım” və “Şən Azərbaycan” mahnıları səslənib.

Qeyd edək ki, VIII “Muğam” Televiziya Müsabiqəsinin seçim turları aprelin 9-da başlanıb, bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.