“Agent 007” – ingilis casus Ceyms Bond haqqında filmlərdə istifadə olunmuş avtomobillər hərraca çıxarılacaq.

Bondiana silsiləsindən ilk filmin 60 illiyi münasibətilə keçiriləcək auksion sentyabrın 15-dən oktyabrın 5-dək davam edəcək. Hərracda ümumilikdə 60 lotun keçirilməsi, o cümlədən “Agent 007” haqqında filmlərdə məşhur tryuk səhnələrində istifadə olunmuş avtomobillərin satışı nəzərdə tutulur.

Seriya nömrəsi 007 olan “Land Rover Defender 110” avtomobilinin ilkin qiyməti 360 min dollar olacaq.

Qeyd edək ki, ilk seriyası 1962-ci ildə ekranlara çıxan Bondiana silsiləsindən indiyədək 25 film çəkilib.

Yan Fleminqin əsərlərinin ekran versiyası olan filmlərdə superagenti canlandıran ilk aktyor Şon Konneri (1962-1967, 1971) olub. 2020-ci ildə vəfat edən məşhur aktyor ümumilikdə 7 filmdə baş qəhrəmanı oynayıb.

Bundan əlavə, Ceyms Bond haqqında filmlərdə Corc Leyzenbi (1969), Rocer Mur (1973-1985), Timoti Dalton (1987-1989), Pirs Brosnan (1995-2002) da çəkiliblər.

2006-cı ildən “Agent 007” obrazını Deniel Kreyq canlandırır. Onun çəkildiyi “Ölmək vaxtı deyil” adlı Bondiana silsiləsindən sayca 25-ci film 2021-ci ilin sentyabrında ekranlara çıxıb.

V.Kamal