Xəbər verdiyimiz kimi, avqustun 4-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə israilli rəssam Rami Meirin “40 ildən sonra qayıdış” adlı sərgisi açılıb.

Sərgidə əslən bakılı olan dağ yəhudisi Rami Meirin əl işləri ilə yanaşı, rəssamın əsərlərinin süjetləri əsasında “Azərxalça” ASC-nin emalatxanalarında toxunmuş “Uca tanrı” və “Nar bağı” xalçaları da nümayiş olunur.

Ekspozisiyada ağac üzərində oyma texnikasında icra edilmiş heykəllər, işıq installyasiyaları, qədim zərgərlik nümunələri, Rami Meirin şəxsi kolleksiyasından dağ yəhudilərinin dekorativ-tətbiqi sənət əşyaları və silahlar yer alıb.

Məxsusi olaraq sərginin açılışı münasibətilə hazırlanmış film və bukletdə tamaşaçılara rəssamın yaradıcılığı və Azərbaycanla əlaqələrindən söhbət açılır, rəssamın bu məkanda sərgisinin hələ 40 il əvvəl nəzərdə tutulduğu diqqətə çatdırılır.

...1982-ci ildə gənc Rami bir ildən sonra XTNS-də Azərbaycan pavilyonunda keçiriləcək sərginin hazırlığına başlayır. Lakin bütün əsərlər – müəllifin zəhmətlə işlədiyi mis üzərində zərgərlik təqibi texnikasında olan 20-yə yaxın panel daşınma zamanı oğurlanır. Oğrunu tapmaq mümkün olmur. Təsadüfən sərgiyə göndərilməyən iki əsər qorunub saxlanılır, rəssam bu əsərləri sərgiləyir və daha sonra onları gəlininə hədiyyə edir. 40 ildən sonra Rami Meir “Azərbaycan” pavilyonuna yeni sərgi ilə qayıdır. Tamaşaçılar sərgidə rəssamın 40 il əvvəlki “Qızılgülün üstünlüyü” və “Qladiatorların döyüşü” adlı panellərini də görəcəklər.

Sərgi oktyabrın 30-dək davam edəcək.

Xatırladaq ki, 2020-ci və 2021-ci illərdə Moskvada – Dövlət Şərq Muzeyində və Bakıda – Azərbaycan Milli Xalça Muzeyində Rami Meirin sərgiləri keçirilib. Bundan əlavə, rəssamın Florensiyada – “Florence Art Deposit Gallery”də “Dağ yəhudiləri” silsiləsindən “Qafqaz gözəlləri” işi təqdim edilib. 2022-ci ildə Təl-Əvivdəki Azərbaycan Turizm Bürosunda “Azərxalça” ASC ilə birlikdə “Carpets as art. Beyond borders, beyond time” (“Xalçalar incəsənət kimi. Məkanın və zamanın fövqündə”) adlı birgə sərgi açılıb.