Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovla görüşüb.

Fondda keçirilən görüşdə Günay Əfəndiyeva təşkilatın fəaliyyəti, türk xalqlarının mədəni irsinin mühafizəsi və beynəlxalq aləmdə təbliği məqsədilə həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, mədəniyyətlərarası dialoq, müxtəlif mədəniyyətlərin bir araya gətirilməsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətində önəmli yer tutur.

Səfir Elxan Poluxov Azərbaycanın və bütövlükdə Türk dünyasının mədəni dəyərlərinin dünyada tanıdılmasında fond tərəfindən görülən işləri yüksək qiymətləndirib. Diplomat türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliğ və təşviqinin önəmindən bəhs edərək, birgə layihələrin keçirilməsinə dəstək verəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.