Nevşehirdə Bektaş Əfəndi türbəsi təmirdən sonra ziyarət üçün açılıb

 

Anadolunun ruhani memarı Hacı Bektaş Vəlinin (1209-1271) dünyadan köçməsinin 751-ci ildönümü ilə bağlı xatirə mərasimi keçirilib. Avqustun 13-də Türkiyənin Nevşehir şəhərinin Hacıbektaş rayonunda keçirilən mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Mərasimdə tarixi Bektaş Əfəndi türbəsi də əsaslı təmir-bərpadan sonra yenidən ziyarət üçün açılıb.  Türbənin bərpa layihəsi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib: “85 milyon insanımızın hər biri ölkəmizin bərabərhüquqlu vətəndaşlarıdır. Bəzi Avropa ölkələri ələvi-Bektaşi camaatı və qrupları üzərində çirkin oyunlar oynayır, xalqımızın insanlarını bir-birinə qarşı qoymaq istəyir. Biz birlikdə hər cür məkrli və iyrənc oyunu pozacağıq. Ankarada bir sıra cəm evlərində - ələvilərin ziyarətgahlarında oldum. 8740 müraciət qəbul etdik ki, bunların 5600-ü tez bir zamanda yerinə yetirildi. Digər tələblərlə bağlı isə Daxili İşlər, Mədəniyyət və Turizm, Ədliyyə nazirliklərimiz birgə işləyir. Bundan əlavə, yaxın vaxtlarda müxtəlif vilayətlərimizdə təməli qoyulan və tikintisi başa çatan 8 ələvi məscidinin də birgə açılış mərasimini keçirəcəyik. Anadolu torpaqlarında mənəvi irsimizə nə qədər çox bağlı olsaq, gələcəyimizə də bir o qədər inamlı baxa bilərik...”.

Son illər görülən təmir-bərpa işləri haqqında məlumat verən mədəniyyət və turizm naziri Mehmet Ersoy isə bildirib ki, keçən il “Kadıncık Ana Evi” bərpa və təmirdən sonra ziyarətçilərin ixtiyarına verilib. Bu il isə Bektaş Əfəndi türbəsinin təmir və bərpa işləri yekunlaşdıraraq ziyarətə açırıq. Nazir diqqətə çatdırıb ki, tarixi abidənin köklü problemləri, o cümlədən rütubət problemi aradan qaldırılıb, drenajlar yenilənib: “Bu gündən etibarən abidə orijinal vəziyyətinə uyğun olaraq ziyarətçilərin üzünə açılır. Gələn il isə Atatürk Evinin təmir işlərinə bağlayacağıq...”.

Qeyd edək ki, Səlcuqlu memarlıq üslubunda yonma daşdan tikilmiş Bektaş Əfəndi türbəsində təmir-bərpa işləri 2021-ci ilin iyul ayında başlanmışdı. Bərpa işləri çərçivəsində türbənin çöl hissəsinin zədələnmiş birləşmələri təmir edilib, bütün çöl hissəsi qumlama texnikası ilə təmizlənib. Türbənin daxili divarlarına vurulmuş suvaqlar tamamilə sökülərək divarlar ilkin teksturasına qaytarılıb, qurumuş suvaqlar üzərində qələm-naxış işləri görülüb. Türbədən kənarda yerləşən dərviş türbəsinin daşları da yenilənib və türbə daş səki ilə əhatə olunub.

Mehparə Sultanova
Ankara