Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə tətillərini Azərbaycanda keçirməyə üstünlük verən 18 ölkədən 100-ə yaxın diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb.

Komitədən bildiriblər ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində altıncı dəfə gerçəkləşən səfər çərçivəsində diaspor nümayəndələri Şuşanın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış güllələnmiş heykəllərin olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət edib, qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Prezident, müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə, 2022-ci ildə isə bir dəfə (26 iyul) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib.