Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən biri də “Rəssamlar görüşü”dür. Bu il 22-ci dəfə düzənlənən yaradıcılıq görüşü Türk dünyası rəssamlarını Türkiyənin tarixi şəhərlərindən olan Safranboluda bir araya gətirib.
Avqustun 16-da Safranbolu Bələdiyyəsinin başqanı Elif Köse və Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-daki təmsilçisi Elçin Qafarlının iştirakı ilə layihəyə həsr olunmuş konfrans keçirilib.
Elçin Qafarlı bildirib ki, TÜRKSOY yaradılmasından bir müddət sonra Türk dünyasında rəssamlıq sənətinin daha yaxından tanınması, rəssamlarımız arasında əlaqələrin yaradılması və təcrübə mübadiləsi məqsədilə tədbirlər keçirməyə başlayıb: “Türk xalqlarının rəsm sənəti yaşadılır və mədəni zənginliyimizin kətanlara köçürüldüyü sənət emalatxanası olan “Rəssamlar görüşü” layihəsi davam edir”.
1997-ci ildə əsası qoyulan layihə üzrə təşkil olunan yaradıcılıq görüşlərinə indiyədək 300-ə yaxın rəssamın qatıldığını deyən E.Qafarlı bu müddətdə 2000-ə yaxın əsərin ərsəyə gəldiyini və bu əsərlərin TÜRKSOY-un rəsm kolleksiyasında yer aldığını bildirib.
Qeyd olunub ki, bu əsərlərdən nümunələr TÜRKSOY-un iştirakı ilə dünyanın bir sıra ölkələrində keçirilən yüzə yaxın sərgidə nümayiş olunub: “Hər il “Rəssamlar görüşü” layihəsinə qatılan rəssamların əsərləri səlahiyyətli komissiya tərəfindən qiymətləndirilir və ən gözəl tablonun müəllifi “TÜRKSOY Rəsm mükafatı”na layiq görülür”.
E.Qafarlı budəfəki sənət emalatxanasının təşkilində göstərilən dəstəyə və qonaqpərvərliyə görə Safranbolu Bələdiyyəsinə təşəkkür edib.
Elif Köse çıxışında TÜRKSOY ilə Safranbolu arasında əməkdaşlığa toxunaraq təşkilatın ötən illər ərzində şəhərdə bir sıra tədbirlər həyata keçirdiyini bildirib: “Avqustun 28-dək çəkəcəkləri rəsmlərdə Safranbolunun gözəlliklərini və tarixini əks etdirəcək rəssamlarımıza uğurlar arzulayıram”.
Qeyd edək ki, 16-28 avqust tarixlərində Safranboluda keçirilən 22-ci TÜRKSOY rəssamlar toplantısında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Qaqauziya (Moldova), Tatarıstan, Çuvaşiya, Saxa-Yakutiya (RF) Şimali Makedoniya və Kosovodan rəssamlar iştirak edir. Sonda rəssamların çəkdikləri əsərlərdən ibarət sərgi açılacaq.
Mehparə Sultanova
Ankara