Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə professor Elman Quliyevin “Türk xalqlar ədəbiyyatı” kitabı özbək dilinə tərcümə olunaraq Daşkənddə nəşr edilib. 

Nəşrin Azərbaycan dilindən özbək dilinə tərcüməçisi Şahista Kamranlı, kitabın rəyçiləri Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinov və dosent Gülbahar Aşurovadır.

Özbəkistandakı Heydər Əliyevin adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitaba yazdığı “Ön söz”də dünya ədəbi-bədii fikrində türk xalqlarının zəngin ədəbiyyatının xüsusi yeri olduğunu qeyd edib. Vurğulayıb ki, professor Elman Quliyevin türk xalqlarının ədəbiyyatının ən qədim dövrdən başlayaraq  çağdaş dövrə qədər mərhələlərinin araşdırılması, təhlili və təbliğini özündə əks etdirən “Türk xalqları ədəbiyyatı” kitabının özbək dilində nəşrinin məqsədi həm türk xalqları ədəbiyyatının Özbəkistanda geniş təbliğini həyata keçirmək, həm də alimin türkoloji araşdırmaları ilə özbək elmi ictimaiyyətini yaxından tanış etməkdir.

Türk xalqları ədəbiyyatına dair araşdırmalar aparan alim Elman Quliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru, “Türkşünaslıq” elmi-tədqiqat şöbəsinin müdiridir.

Özbək dilinə tərcümə olunmuş kitabın Daşkənd və Bakıda təqdimatlarının keçirilməsi nəzərdə tutulub.