2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələri üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların (XQTİ) müsabiqəsində (V qrup)  yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin V qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bu il V qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) qəbul imtahanının birinci mərhələsində (cari ilin abituriyentləri üçün buraxılış imtahanında) ümumi balı 60-dan az olmayan abituriyentlər buraxılır.

Qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən XQTİ üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən XQTİ-lər üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.

Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal; təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası; riyaziyyat fənni üzrə imtahan balı; Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.