Avqustun 22-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Serbiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək ötən 25 ildə Azərbaycan və Serbiya arasında münasibətlərin inkişafından məmnunluğunu vurğulayıb. Bildirib ki,  Serbiya Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri haqqında sənəd imzaladığı 12 Avropa ölkəsindən biridir. İki ölkə arasında siyasi, iqtisadi, humanitar, ticarət, infrastruktur sahələrində münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini deyən Xələf Xələfov xüsusilə nəqliyyat, enerji sahələrində əməkdaşlıq üçün mühüm potensialın olduğunu ifadə edib. Regionda yeni reallıqların yaranması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh və quruculuq səylərindən bəhs edən nazir müavini işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğunu deyib.

Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının 21 avqust 1997-ci il tarixində qoyulmasına baxmayaraq, əlaqələrimizin tarixinin daha böyük olduğunu vurğulayıb. Azərbaycan və Serbiyanı oxşar keçmiş və çağırışların daha da yaxınlaşdırdığını bildirən səfir iki ölkə arasında çoxtərəfli platformalarda səmərəli əməkdaşlığın mövcudluğunu da diqqətə çatdırıb. Diplomat bu xüsusda ötən il Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbirinin təşkilində Azərbaycan və Serbiyanın əməkdaşlığını qeyd edib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin 25 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Qeyd edək ki, Serbiya keçmiş Yuqoslaviyanın altı federativ respublikasından biridir.  Federasiyanın süqutundan sonra Serbiya və Monteneqro 2006-cı ilədək ittifaq dövləti şəklində mövcud olublar. Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulub. 2006-cı ildə Serbiya və Monteneqro ayrılıb və hər ikisi müstəqil xarici siyasət yeritməyə başlayıb. 2011-ci ildə Azərbaycanın Serbiyada, Serbiyanın da Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.