Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 9-18 avqust tarixində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər.

“Gülüstan” sarayında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev ölkəmizə qalibiyyətlə qayıtmış idmançıları təbrik edib: “Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır”.

Dövlət başçısı vurğulayıb ki, V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Prezident xatırladıb ki, beş il əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci olmuşdu: “Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər”.

Prezident Azərbaycan təmsilçilərinin 19 idman növündə medallar qazanmasının da sevindirici hal olduğunu vurğulayıb. Bildirib ki, bu, idmanın bir çox növlərinin ölkəmizdə uğurla inkişaf etdiyini göstərir. Bu, doğrudan da, böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və mübarizə çox gərgin keçib.

Prezident İlham Əliyev daha sonra deyib: “Mən sizinlə Oyunların açılış günündə Konyada görüş əsnasında əmin olduğumu bildirmişdim ki, siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Şadam ki, belə də oldu. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü.

Hər dəfə bayrağımız qaldırılanda, himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır. Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu Oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmisiniz...”.

Dövlət başçısı vurğulayıb ki, V İslam Həmrəyliyi Oyunlarının qardaş ölkədə keçirilməsi də idmançılarımıza ruh yüksəkliyi verib: “Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb. Bu, doğrudan da, bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar...

Fürsətdən istifadə edərək Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də ki, Oyunlarda birinci yer tutması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Onu da bildirməliyəm ki, bu Oyunların keçirilməsi, əlbəttə, böyük təşkilatçılıq məsələlərini də əhatə edir. Xatırlayıram, biz 2017-ci ildə o Oyunları hazırlayarkən bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz. Konya Oyunları rəsmən Beşinci İslam Həmrəyliyi Oyunları sayılsa da, əslində, bu Oyunlar cəmi dörd dəfə keçirilib. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü Azərbaycanda, dördüncü isə Türkiyədə. Amma rəsmən bu, beşinci Həmrəylik Oyunları sayılır. Yəni, demək istəyirəm ki, Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi, əlbəttə, çox yüksək qiymətə layiqdir”.

Prezident qeyd edib ki, V İslam Həmrəyliyi Oyunları artıq tarixdir: “İdmançılarımız bu medalları, əminəm ki, qürur hissi ilə daşıyacaqlar. Ancaq indi biz gələcəyə baxmalıyıq, bundan sonra Azərbaycan idmanının inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır”.

Son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdiyini deyən İlham Əliyev bildirib ki, dəyişikliklər sayəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun: “Mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir”.

Dövlət başçısı vurğulayıb ki, bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır. İdmanla məşğul olmaq üçün şərait var, bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir: “Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir”.

Qarşıda 2024-cü il Yay Olimpiya Oyunlarına hazırlıq kimi mühüm vəzifə dayandığını deyən İlham Əliyev əmin olduğunu bildirib ki, idmançılarımız bu mötəbər yarışlarda da ölkəmizi ləyaqətlə təmsil edəcəklər: “Bir daha sizi ürəkdən təbrik edirəm – bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq”.