Lənkəranda yaşayan tanınmış, jurnalist publisist Hacı Etibar Əhədov 60-a qədər kitabın müəllifidir. Bu günlərdə onun “Dağlara sığınan Lüvəsər” adlı kitabı işıq üzü görüb.

Yeni nəşr cənub mirvarisi Lənkəranın yaşayış məntəqəsi olan Lüvəsər kəndindən bəhs edir. Kitabda kəndin coğrafi mövqeyi, tarixi, Lüvəsər toponimi və kəndin mikrotoponimləri, sosial-iqtisadi, mədəni həyatı, tanınmış insanları haqqında söz açılır. Məlumat üçün bildirək ki, ərazisi 187 hektar, əhalisi 1400 nəfər olan kənd rayon mərkəzindən 7 km cənubda, Talış dağlarının ətəyində yerləşir.

Kitab Moskvada yaşayan lüvəsərli sahibkar-xeyriyyəçi Fəxrəddin Məmmədovun maddi dəstəyi hesabına çap olunub. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan  kitabın rəyçisi İ.Cəfərov, redaktoru filologiya üzrə fəlsəfə doktoru A.Əliyevdir.

Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü