Bu ilin yanvarından Bakıdan və Füzulidən Şuşaya birbaşa avtobus reysləri açılıb. Fevral ayından həftədə üç dəfə təşkil olunan reyslər may ayından həftənin yeddi günü (dörd gün Bakıdan olmaqla) həyata keçirilir.

İyul ayından etibarən isə Bakı–Şuşa–Bakı istiqamətində hər gün reys var. Bu müddətdə minlərlə insan mədəniyyət paytaxtımıza səfər edərək otuz ilin həsrətinə son qoyub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkil etdiyi müntəzəm avtobus marşrutu ilə avqustun 23-də 10 000-ci sərnişin Şuşaya yola salınıb. Əslən şuşalı olan, 5 yaşında ailəsi ilə Şuşanı tərk edən Gülnar Orucova 30 ildən sonra atası Kamal Həsənovla birgə doğma şəhərə səfər edib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində keçirilən mərasimdə Gülnar Orucovaya “10 000-ci sərnişin sertifikatı” və hədiyyə təqdim edilib.

Gülnarə Orucova qeyd edib ki, ailəsi məcburi köçkün olaraq Qəbələdə məskunlaşıb, buna baxmayaraq onlar Şuşaya bağlı ruhda böyüyüblər: “Şuşa haqqında valideynlərimdən o qədər xatirələr eşitmişəm ki, mənə elə gəlir, bütün ömrümü Şuşada keçirmişəm”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev bildirib ki, işğaldan azad olunmuş ərazilərə  24 yanvar 2022-ci il tarixindən etibarən  həyata keçirilən səfərlərə maraq olduqca böyükdür. Qeyd edib ki, Şuşaya, eləcə də Ağdam və Füzuliyə ümumilikdə 312 reyslə 13 mindən çox sərnişin səfər edib: “Bu gün isə Şuşaya 10 000-ci sərnişini yola salırıq”.

Qeyd edək ki, müəyyən olunmuş istiqamətlər üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada həyata keçirilir.