Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikinti işləri sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39.7 km-dir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Hərəkət hissəsi 14 metr təşkil edir.

Yolboyu 30 km-lik hissədə I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının və yol əsasının inşası icra olunub, 20 km-lik hissəsində isə asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Qalan təqribən 9 km-lik hissədə normativ en alınaraq yol yatağı tikilib, 700 metr hissəsində qaya tipli süxurların mexanizmlə kəsilməsi, həmçinin çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının inşası davam etdirilir.

Layihə üzrə suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan 37 dairəvi boru, 9 düzbucaqlı su keçidi, yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçid və ehtiyat keçidləri üzrə tikinti işləri sona çatdırılıb.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə icra olunur. 2, 19, 20 və 39-cu km-də körpülərin inşası başa çatıb. Yolun tikintisinin 2023-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.

Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçən avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.