Avqustun 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan işığa” tamaşası nümayiş olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov, həkim psixiatr-narkoloq Asif Kəngərli və qəsəbə sakinləri tamaşanı izləyiblər.

Səhnə əsərinin nümayişindən əvvəl Dünya Xalqları Yazıçılar Birliyinin və Beynəlxalq Yazıçılar İttifaqının üzvü, psixiatr-narkoloq Asif Kəngərli narkomaniyanın fəsadları mövzusunda çıxış edib.

Daha sonra “Qaranlıqdan işığa” tamaşası təqdim olunub. Bir gəncin narkomaniyaya “yox” deyib qaranlıqdan işığa necə çıxdığını səhnə əsərində izləmək mümkündür. Tamaşada əsas məqsəd bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.

Quruluşçu rejissoru Mirzə Ağa Mirzəyev olan tamaşanın müəllifi Pakizə Hüseynovadır. Obrazları Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza canlandırırlar. İzləyicilər tamaşanı maraqla qarşılayıblar.

Tamaşanın nümayişindən sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək teatrın yaradıcı heyətinə və təşkilatçılara öz təşəkkürünü bildirib.