Mədəniyyət Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 7 avqust tarixində uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanının keçirilməsi barədə məlumat vermişdik. Test imtahanında qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak edib, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Test imtahanında uğurlu nəticə göstərərək müsahibə mərhələsinə buraxılan namizədlər topladıqları bala və ixtisaslarına uyğun olan vakant vəzifələr üzrə müsahibələrdə iştirak etmək üçün 25-29  avqust tarixində qeydiyyatdan keçməlidirlər. Bunun üçün “Müsahibə mərhələsi üzrə vakansiya seçimi müraciət forması”nı (https://bit.ly/3pJmaZL) doldurmaq lazımdır.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin forma vasitəsilə daxil etdiyi məlumatların tamlığı, həqiqiliyi və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu yoxlanılaraq, məlumatların düzgünlüyü təsdiq edildikdən sonra namizədə müsahibələrin keçirilmə yeri və vaxtı barədə məlumat veriləcək. 

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildiyi halda namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab ediləcək.

Müsahibə mərhələsi 5-9 sentyabr tarixində keçiriləcək.

Qeyd edək ki, hər bir namizəd ixtisasına uyğun olaraq maksimum 5 vakant yer seçə bilər. Topladığı bala və müvafiq ixtisasa uyğun vakant yer olmadığı halda namizəd test imtahanı nəticələrinə uyğun olaraq 2 il ərzində Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan müsahibələrdə iştirak etmək hüququna malikdir.