Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına (XIX əsrdə yaşamış qazax xalq musiqiçisi, məşhur dombra ifaçısı, bəstəkar Kurmanqazı Sağırbayulı – red.) Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.

“Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verib. Bildirib ki, layihə Qazaxıstan Prezidentinin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Mərkəz dörd istiqaməti əhatə edəcək: musiqi – vokal və xor oxuma; müasir texnologiyalar, yaradıcılıq – dulusçuluq sənəti, heykəltəraşlıq; idman – oyun zalları, xoreoqrafiya.

Məlumat verilib ki, 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək. Burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq. Sonra layihə barədə videoçarx nümayiş etdirilib.

Prezident İlham Əliyev Qazaxıstan tərəfindən iki ay əvvəl irəli sürülən təşəbbüslə bağlı layihənin belə operativ şəkildə hazırlanmasına görə təşəkkürünü bildirib. Qeyd edib ki, Füzuli şəhərinin Baş planı da təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Mərkəzin ətrafındakı infrastrukturla bağlı bütün məsələləri də biz paralel həll edəcəyik.