Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası

 

Avqustun 24-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib. Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri və qeyri-hökumət təşkilatları təmsil olunub.

Baş prokuror Kamran Əliyev konfransı açaraq qeyd edib ki, tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfər regionumuzda yeni geosiyasi reallıqlar yaradıb, dövlət başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin qayıdışının təməlini qoyub. Vətən müharibəsinin Qələbə ilə başa çatmasından 1 il 8 ay sonra “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildiyi xüsusi vurğulanıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının, demək olar ki, bütün fundamental insan hüquq və azadlıqlarının pozulduğu qeyd edilib, dövlət başçısının tapşırığına uyğun olaraq, prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə erməni təcavüzü nəticəsində vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası, ölkəmizə dəymiş maddi-mənəvi zərərə görə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso qaçqın və məcburi köçkün məsələsinin müasir dünyanın ən ağrılı problemlərindən biri olduğunu, ölkəmizin bu sahədə ağır sınaqlardan keçdiyini bildirib, təmsil etdiyi qurum tərəfindən məcburi köçkünlərin qayıdışı üçün zəruri dəstəyin göstəriləcəyini qeyd edib.

Konfransda daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və başqaları çıxış ediblər. Qeyri-hökumət təşkilatlarının nümayəndələri mövzu ilə bağlı fikirlərini bildiriblər.

Konfrans iştirakçıları Ağalı kəndi ilə tanış olublar.