Kasım-Jomart Tokayev: “Qazaxıstan və Azərbaycan strateji tərəfdaşlar, müttəfiqlərdir...”

 

Biz ikitərəfli münasibətlərimizin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət etdik və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyev bu sözləri avqustun 24-də Azərbaycana rəsmi səfərə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə geniş tərkibdə keçirilən görüşdə söyləyib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimindən sonra dövlət başçılarının təkbətək görüşü olub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub.

Qazaxıstan Prezidentinin müvafiq fərmanına əsasən, İlham Əliyev iki ölkənin ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə bu ordenə layiq görülüb.

Kasım-Jomart Tokayev çıxış edərək bildirib ki, Qazaxıstanda Azərbaycan Prezidentini görkəmli dövlət xadimi, Azərbaycanı tarixi Zəfərə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyirlər: “Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.

Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif ediməsinə görə təşəkkürünü  bildirərək deyib: “Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm... Bu yüksək mükafat mənim, əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq”.

Dövlət başçılarının geniş tərkibdə görüşündən öncə Qazaxıstan tərəfin Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasına ilk töhfəsi – Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı da keçirilib.

Azərbaycan Prezidenti nümayəndə heyətlərinin  iştirakı ilə görüşdə bu təşəbbüsə görə də Qazaxıstan rəhbərinə minnətdarlığını bildirib: “Bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir”.

Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkə arasında münasibətlərin gündəliyi kifayət qədər genişdir və səfər proqramına 20-dən artıq sənədin imzalanmasının daxil edilməsi də bunu göstərir.

“Xarici siyasətin gündəliyinə gəldikdə isə biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və əminəm ki, bu, gələcəkdə də davam edəcək. Çünki bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər”, – deyə İlham Əliyev əlavə edib.

Azərbaycanla Qazaxıstan arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı, hər iki ölkənin tranzit potensialının yüksəldilməsi ilə bağlı böyük planların olduğunu deyən dövlət başçısı bunun iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyini vurğulayıb.

Ölkələrimizin humanitar sahədə əməkdaşlığının əhəmiyyətinə də toxunan İlham Əliyev bildirib ki, Qazaxıstanın hədiyyəsi – Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir elementidir.

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, iki gün bundan əvvəl Sumqayıt şəhərinin mərkəzi küçələrinin birinə qazax xalqının görkəmli oğlu, maarifçi, türkoloq Əhməd Baytursınovun adı verilib: “Bu da bizim əcdadlarımıza hörmətin əlamətlərindən biridir”.

Prezident Kasım-Jomart Tokayev çıxışında Qazaxıstan və Azərbaycanın strateji tərəfdaşlar, müttəfiqlər olduğunu vurğulayıb. “Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi haqqında Bəyannamə imzalanacaq. Mən Bakıya xüsusi missiya ilə gəlmişəm – əməkdaşlığımızı yeni səviyyəyə çatdırmaq missiyası”, – deyə o əlavə edib. Son illərdə qarşılıqlı ticarətin həcminin 3 dəfə artdığını deyən Qazaxıstan rəhbəri bildirib ki, bu, arxayınlaşmağa əsas vermir, çünki ticarəti artırmaq üçün imkanlar var.

Qazaxıstan Prezidenti də iki ölkə arasında humanitar əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb: “Burada çox böyük imkanlar var. Fikrimcə, gələn il ölkələrimizin hökumətləri arasında razılaşma əsasında Qazaxıstanda Azərbaycan mədəniyyəti ongünlüyü keçirə bilərik. Sizin mədəniyyətə böyük maraq qalmaqdadır. Güman edirəm ki, bizim insanlar Azərbaycan mədəniyyəti üçün darıxıblar və biz Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrini öz ölkəmizdə böyük məmnuniyyətlə qəbul edə bilərik”.

 

Şuşa və Türküstan qardaşlaşır: Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

 

Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni imzalayıblar.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi imzalayıblar.

Həmçinin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı” (Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi tərəfindən) və “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş” (Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini vəzifəsini icra edən, ticarət və inteqrasiya naziri Serik Jumanqarin) imzalanıb.

Bundan əlavə, səfər çərçivəsində Azərbaycan və Qazaxıstanın müvafiq strukturları arasında əməkdaşlıq sənədləri – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında memorandum, ADA Universiteti ilə Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında memorandum, aidiyyəti nazirliklər arasında nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində memorandum, özəl sektorun işbirliyinə dair sazişlər imzalanıb.

İmzalanan sənədlər arasında Azərbaycanın Şuşa şəhəri və Qazaxıstanın Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında protokol, Mingəçevir və Uralsk şəhərləri arasında əməkdaşlıq memorandumu da var. Onu da qeyd edək ki, Türküstan şəhəri 2017-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olub, 2023-cü ildə bu missiyanı Şuşa şəhəri daşıyacaq.

 

***

 

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Qazaxıstanın dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti imzalanan 20-dən çox sənədin ikitərəfli  münasibətlərin daha geniş hüquqi bazasını təmin edəcəyini vurğulayıb: “Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

Bəyannamədə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafının da əksini tapdığını diqqətə çatdıran İlham Əliyev deyib: “Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir”.

 

Füzulidə Kurmanqazının adını daşıyacaq mərkəz dostluğumuzun simvolu olacaq

 

Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə də həmkarına məlumat verdiyini deyib: “Ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq. Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq”.

Prezident İlham Əliyev Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə Qazaxıstanın dövlət başçısına bir daha təşəkkürünü bildirib: “Biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq”.

Qazaxıstan Prezidenti qeyd edib ki, ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub: “Biz, həmçinin Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur. Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazırdır. Bu gün bizim hədiyyəmizin təqdimatı keçirildi, qazax xalqı adından burada, – Füzuli şəhərini nəzərdə tuturam, – gələn ilin sonunadək Kurmanqazı adına incəsənət məktəbi tikiləcək. Bu obyektin inşası Qazaxıstanın aparıcı “Bİ” tikinti şirkətinə həvalə edilib...”.

Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfərinin əlamətdar yubiley tarixinə – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsinə təsadüf etdiyini də vurğulayıb. “Biz kifayət qədər böyük yol keçmişik və bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik barədə tam əsasla danışırıq. Bu əməkdaşlığın genişləndirilməsi, şaxələndirilməsi barədə Bəyannamə imzalanıb. Bu, irəliyə doğru real addımdır. Bizim aramızda etimada əsaslanan siyasi dialoq qurulub, dövlətlərimiz beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq edirlər...”.

 

“Mədəni-humanitar məsələlər birgə səylərlə zənginləşir”

 

Qazaxıstan Prezidenti mətbuat üçün bəyanatında da ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığın önəmini diqqətə çatdırıb: “Sevindirici haldır ki, gündəlikdə duran mədəni-humanitar məsələlər birgə səylərlə zənginləşir, bu da, əlbəttə, xalqlarımızın daha da yaxınlaşmasına kömək edir. Bu gün mən ölkəmizdə Azərbaycan mədəniyyəti ongünlüyünün keçirilməsi barədə təşəbbüs irəli sürdüm. Bu tədbirin populyarlığına heç bir şübhəm yoxdur, çünki xalqımız Azərbaycan mədəniyyəti üçün, sizin görkəmli incəsənət xadimləri üçün darıxıb. Mən ümidvaram ki, bu tədbir baş tutacaq və uğur qazanacaq. Bundan başqa, biz ölkələrimiz arasında mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək barədə razılığa gəldik”. 

Kasım-Jomart Tokayev Sumqayıt şəhərində küçələrdən birinə qazax xalqının görkəmli nümayəndəsi, türkoloq Əhməd Baytursınovun adının verilməsinin əhəmiyyətini vurğulayıb: “Əlamətdar haldır ki, Əhməd Baytursınov 1926-cı ildə məhz burada, Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayının nümayəndəsi olub. Mənim fikrimcə, bu fakt bir daha göstərir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələr həmişə çox sıx olub”.

Bir neçə il öncə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin küçələrindən birinə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adının verildiyini xatırladan Kasım-Jomart Tokayev bildirib ki, ötən müddətdə şəhər inkişaf edərək böyüyüb, daha böyük küçə və prospektlər salınıb: “Buna görə mən qərara aldım və paytaxtın akiminə müvafiq tapşırıq verdim ki, o, bizim paytaxtın böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin – bizim çox böyük hörmət bəslədiyimiz, ölkəmizdə səmimi ehtiram bəslənilən insanın adının verilməsini təklif etsin”.