Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...

 

26 avqust “Azərbaycan muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü”dür. Bu günlə bağlı qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və bu şəhərdə keçirilən beynəlxalq musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunub.

Bu tarix bütün muğamsevərlərin, bu sənəti yaşadan, ona yaradıcılıq və həyat yolunu həsr edən hər kəsin bayramıdır.

...Biz azərbaycanlılar haqlı olaraq muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırıb. Azərbaycanın zəngin mədəniyyətinin ən gözəl incilərindən biri olan muğam bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Muğam gözəlliyin və məhəbbətin rəmzidir...

Azərbaycan mədəniyyətinin hamisi, milli incəsənətimizin, musiqimizin və onun ən zəngin qaynağı sayılan muğamın yaşadılması və dünyada tanıdılmasında müstəsna xidmətləri olan Mehriban xanım Əliyevanın bu sözləri bu bənzərsiz sənət irsinin xalqımızın milli-mənəvi kimliyi üçün dəyər və önəmini ifadə edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihə və tədbirlər Azərbaycan muğam sənətinin tarixində intibah yaradıb. Bu fəaliyyətin nəticəsidir ki, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınan Azərbaycan muğamı dünyanın mötəbər musiqi salonlarında səslənir, alqışlanır, rəğbət görür.

Bu gün bizim üçün ən önəmlisi odur ki, Azərbaycan muğamının sədası artıq azad Qarabağdan, Şuşadan, Cıdır düzündən dünyaya yayılır. İki il öncə Vətən müharibəsində qazandığımız tarixi Zəfərlə, yurd yerlərimizdə ucalan bayrağımızla milli ruhumuz da təzələnib, nisgildən arınıb, zirvəyə ucalıb. Bu ruh ucalığının bir nümunəsi də Cıdır düzündə oxunan muğamımız, artıq əzəli məkanında səslənən “Qarabağ şikəstəsi”dir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə Muğam Televiziya Müsabiqəsinin qala-konsertinin ilk dəfə qala şəhərimizdə, mədəniyyət paytaxtımız Şuşada keçirilməsi də bunun möhtəşəm ifadəsi oldu.

Bu gün – 26 avqust Azərbaycan muğamının bayramıdır. 26 avqust həmçinin muğam sənətimizə yeni həyat və üfüqlər bəxş edən təşəbbüs və layihələrin müəllifi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə Mehriban xanıma ən xoş arzularımızı çatdırır,  mədəniyyətimizin hamisi kimi indiyədək gördüyü bütün işlərə görə dərin minnətdarlığımızı ifadə edir və bu nəcib fəaliyyətində yeni uğurlar diləyirik.

“Mədəniyyət”