Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyevin Özbəkistana səfərindən sonra əməkdaşlıqda açılmış yeni imkanlar, Özbəkistan və Azərbaycan ali məktəbləri arasında əlaqələrin daha da genişləndirilməsi, müəllim və tələbə mübadiləsi üzrə əməkdaşlıq, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyinin Azərbaycana səfərinin təşkili, sentyabr ayında Özbəkistanda keçiriləcək Azərbaycan kinosu günləri və Azərbaycanda keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak və bu tədbirlərə hazırlıq və digər məsələlər müzakirə edilib.

Erkin Nuriddinov uzun illər araşdırmaları ilə ərsəyə gətirdiyi, Azərbaycan-Özbəkistan tarixi dostluğu və əməkdaşlığına həsr olunan monoqrafiyanın ilkin variantını Samir Abbasova təqdim edib və monoqrafiyada əks olunacaq mövzular ətrafında fikir mübadiləsi aparılıb. Monoqrafiyanın Heydər Əliyev adına AMM-nin layihəsi ilə çap olunması nəzərdə tutulub.

Samir Abbasov Buxara şəhərində dəfn olunmuş tanınmış azərbaycanlı mütəfəkkir, şair Yusif Qarabağinin xatirəsinin əbədiləşdirilməsi və bu məqsədlə AMM-nin Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşəbbüs irəli sürməsi, müvafiq qurumlarla iş aparılması təklifi ilə çıxış edib və bu barədə razılıq əldə olunub.

Qeyd edək ki, XVI əsrdə yaşamış Yusif Qarabaği (Yusif ibn Məhəmmədcan Qarabaği) öz elmi və ədəbi fəaliyyəti ilə Orta Asiyada, indiki Özbəkistan ərazisində məşhurlaşıb, dövrünün hörmətli din xadimi olub.