AK Parti təmsilçiləri tamaşanın rejissoru Məlahət Abbasova ilə görüşüblər


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə millət vəkili Erol Kaya, partiyanın İstanbul təşkilatının sədr müavini Cahid Altunay və İstanbul üzrə qadınlar təşkilatının idarə heyətinin üzvü Yurdanur Bika, İstanbul Mədəniyyət Komissiyasının rəhbəri Özcan Ayma qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova ilə görüşüblər.

Görüşlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən Məlahət Abbasova deyib: “Türkiyədə uzun illər teatr və kino sahəsində fəaliyyətimi, eləcə də iki qardaş ölkə arasında mədəniyyət sahəsində qurduğum əlaqələr qardaş ölkədə yüksək qiymətləndirilir. Görüş zamanı gözəl söhbətimiz oldu, gələcək layihələrim haqqında məlumat verdim. Söhbət əsnasında Azərbaycan teatr əsərlərinin, eləcə də ölkəmizin kino sahəsinin Türkiyədə daha geniş tanıdılması istiqamətində atılacaq addımlar müzakirə edildi. Onlar bu il dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə onun “İblis” əsərinin Türkiyə Dövlət Teatrlarında səhnəyə qoyulmasında və hər iki qardaş ölkədə möhtəşəm qala gecəsinin keçirilməsində dəstək olcaqlarını bildirdilər. Əsərin Türkiyə Dövlət Teatrlarının repertuarına daxil edilməsində ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədovun çox böyük dəstəyi oldu”.

Məlahət Abbasova artıq 31 ildir İstanbul Şəhər Teatrlarında aktrisa-rejissor kimi fəaliyyət göstərdiyini bildirib: “Uzun illər İstanbul Şəhər Teatrlarının direktor müavini, İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarə Heyətinin teatrlar üzrə üzvü olaraq fəaliyyət göstərmişəm. Bu 31 il ərzində 15-dən çox Azərbaycan əsəri həm səhnələşdirilib. Son olaraq mənim rejissorluğumla Hüseyn Cavidin “İblis” əsəri İstanbulda səhnəyə qoyuldu və çox uğurlu alındı. Moskvada, Ukraynada, Türkmənistanda, eləcə də Bakıda qastrol səfərlərində olmuşuq. Bundan əlavə, 1995-2012-ci illərdə Türkiyədə Azərbaycanla bağlı bir çox mədəniyyət tədbirlərinin təşkilində yaxından iştirak etmişəm. Azərbaycan ilə Türkiyə arasında ortaq kino layihəsi olan “Mahmud və Məryəm” filminin ərsəyə gəlməsində də iştirak etmişəm və filmdə rol oynamışam. Ölkəmi təmsil etmək mənim üçün qürurdur. Fəaliyyətim ölkəmizdə olduğu kimi, Türkiyədə də yüksək qiymətləndirilib, bir sıra mükafatlara layiq görülmüşəm. Əməyimin yüksək qiymətləndirilməsinə görə həm dövlətimizə, həm də Türkiyəyə dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, görüşdə Məlahət Abbasovaya Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrə verdiyi töhfələrə görə xüsusi plaket təqdim olunub.