Məlum olduğu kimi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın (Azərbaycan, Ermənistan, Rusiya) müvafiq bəndinə uyğun olaraq, Azərbaycan tərəfi Laçın şəhərindən keçən avtomobil yoluna alternativ yol çəkib və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi dəhliz – Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçib.

Prezident İlham Əliyev bununla bağlı avqustun 26-da rəsmi “Twitter” səhifəsində paylaşım edib.

“Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” – deyə paylaşımda bildirilir.

Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı Müdafiə Nazirliyi də məlumat yayıb. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

Məlumatda diqqətə çatdırılır ki, qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Nazirlik Azərbaycan Ordusu bölmələrinin Laçına daxil olmasını əks etdirən kadrları da yayıb. Videomaterialda həmçinin 5-ci Ordu korpusunun komandiri general-mayor Kənan Seyidovun Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə etməsi əks olunub.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal “AzərEnerji” ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş avtomaşın karvanı əraziyə daxil olub.

ASC-dən bildirilib ki, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin nəticəsi olaraq və 2020-ci il 10 noyabr tarixli Bəyanatın müvafiq bəndinə əsasən, Laçın rayonu 2020-ci ilin 1 dekabrında Ermənistanın işğalçı qüvvələrindən azad edilib.