Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) təşəbbüsü ilə Almaniyanın paytaxtı Berlində əfsanəvi müğənni və bəstəkar Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirib.

“Arsenal” kinoteatrında təşkil olunan tədbirdə tamaşaçılar öz kumirlərinin mahnılarını xüsusi nostalji hisslərlə dinləyiblər. Müslüm Maqomayevin səsi ovsunlayır, uzaq gəncliyə aparırdı.

Tədbirdə iştirak etmək vaxtilə Bakıda, hazırda Almaniyada yaşayan insanlar üçün xüsusilə xoş idi. Onların əksəriyyəti Müslüm Maqomayevi yaxşı xatırlayır, hətta bəziləri onunla şəxsən tanış idilər. Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin əməkdaşları da tədbirdə iştirak ediblər.

Yubiley gecəsinin aparıcısı – ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Müslüm Maqomayevin çoxşaxəli istedadından söhbət açıb, onun təkcə möhtəşəm estrada müğənnisi deyil, həm də klassik operalardan ariyaların gözəl ifaçısı olduğunu vurğulayıb.

Hər kəsə xoş əhval-ruhiyyə bəxş edən tədbirdə Müslüm Maqomayevin ifasında “Azərbaycan”, “Sənsiz”, “Mavi əbədiyyət” və başqa mahnılar səsləndirilib.