Bir sıra xarici ölkələrin Türkiyədə fəaliyyət göstərən, eyni zamanda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin – səfirlərinin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin avqustun 26-da Qarabağa – Füzuli və Şuşaya səfəri başlayıb.

Heyət Ankara şəhərindən təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Qonaqlara 2021-ci ildə istifadəyə verilən aeroport haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Diplomatlara, həmçinin Füzuli və Cəbrayıl rayonlarında həyata keçiriləcək infrastruktur layihələri barədə məlumat verilib.

Sonra diplomatik korpusun nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi yekunlaşmaqda olan tunellə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov xarici diplomatlara 2021-ci ildə istifadəyə verilən Zəfər yolunun (Füzuli-Şuşa) qısa müddətdə tikilməsi, həmçinin yeni inşa olunan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralında görülən işlər barədə məlumat veriblər.

Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə əməliyyatlarını izləyiblər.

Daha sonra heyət Şuşa şəhərinə yola düşüb.

Avqustun 27-də isə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun –səfirlərinin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin Füzuli və Şuşaya səfəri başlayıb.

Bakıdan təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gələn heyətə aeroport barədə, eləcə də Füzuli və Cəbrayıl rayonlarında həyata keçiriləcək infrastruktur layihələri haqqında məlumat verilib.

Xarici diplomatlar daha sonra avtobuslarla Şuşaya yola düşüblər.

Avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfrans başlayıb.

Konfransa 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan ümumilikdə 160-dan çox diplomat və hərbi attaşe qatılıb.