Qarabağ artıq Azərbaycanın xarici siyasət məsələsi deyil. Bu məsələ artıq həll olunub və ATƏT-in Minsk qrupu tarixin keçmişinə gömülüb. Bu məsələ bizim üçün artıq bitib, biz indi sivil əlaqələrin qurulmasını istəyirik.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bu sözləri avqustun 27-də xarici diplomatik korpus nümayəndələrinin iştirakı ilə Şuşada keçirilən konfransda deyib.

Hikmət Hacıyev bildirib ki, avqustun sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.

Prezidentin köməkçisi daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması haqqında razılıq əldə olunduğunu xatırladaraq qeyd edib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün avqustun 31-də keçiriləcəyi bildirilib. Bu, iki ölkə liderlərinin 2021-ci ilin dekabrında başlanan “Brüssel formatı”nda sayca dördüncü görüş olacaq. Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin Moskva görüşü isə avqustun 29-na nəzərdə tutulub.

Azərbaycan Prezidentinin köməkçisi çıxışında Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə də toxunub.

Hikmət Hacıyev qeyd edib ki, Türkiyə və Azərbaycan regionda dayanıqlı sülh istəyir, bunun üçün də Ermənistana əl uzadıb, normallaşma üçün çalışır. Azərbaycan və Türkiyə Ermənistan üçün yaxşı tərəfdaş ola bilər.