Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycanın mədəniyyət paytaxtında “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilir.

Layihə çərçivəsində avqustun 28-də müxtəlif peşə istiqamətləri üzrə Azərbaycan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa şəhərini ziyarət ediblər.

Nümayəndələr Şuşa şəhərinin görməli yerləri –Yuxarı Gövhər ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanına baş çəkib, şəhərin qala divarlarını ziyarət edib, şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanın təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.

Qeyd edək ki, səfər təəssüratlarından ilhamlanaraq sənətçilərin ərsəyə gətirəcəyi əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq tədbirdə geniş auditoriyaya çatdırılacaq.