Teymur bəy Bayraməlibəyov haqqında filmin təqdimatı

 

Avqustun 27-də Nizami Kino Mərkəzində “Nurlu yol” sənədli filminin təqdimatı keçirilib. “Masal prodakşn”ın istehsalı olan ekran əsəri görkəmli maarifçi, folklorşünas, tarixçi-etnoqraf, ictimai xadim Teymur bəy Bayraməlibəyovun (1862-1937) həyat və fəaliyyətinə həsr olunub.

Tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov Teymur bəy Bayraməlibəyovun Azərbaycanda maarifçilik hərəkatının inkişafında xidmətlərindən danışıb. Bildirib ki, Teymur bəy ötən əsrin əvvəlində Lənkəranda maarifçilik fəaliyyəti, eləcə də bölgənin etnoqrafiyası və folkloru ilə bağlı əsərlərin müəllifi kimi şöhrət qazanıb.

“Masal prodakşn”ın baş direktoru Cəfər Cəfərov qeyd edib ki, Teymur bəy Bayraməlibəyovun 160 illiyində ərsəyə gələn sənədli film onun irsinin öyrənilməsinə töhfədir.

Sonra film nümayiş olunub. Filmin ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir. Teymur bəy rolunu Masallı Xalq teatrının aktyoru Cavid Quliyev canlandırıb.

Tədbirdə Milli Məclisin deputatları, elm xadimləri Teymur bəy Bayraməlibəyovun gördüyü işlərdən danışaraq ekran əsəri ilə bağlı fikirlərini bölüşüblər.

Diqqətə çatdırılıb ki, Teymur bəy Bayraməlibəyov 1862-ci ildə Lənkəran qəzasının Yeddioymaq kəndində (Masallı rayonu) dünyaya gəlib. İlk təhsilini molla məktəbində alıb. Sonra Lənkəranda ikisinifli rus məktəbində oxuyub. Tiflisdə feldşer məktəbində, Qori Müəllimlər Seminariyasında təhsil alıb. Görkəmli maarifçinin təşəbbüsü ilə 1917-ci ildə Lənkəranda “Ünas” (qızlar) məktəbinin açılması o dövr üçün mühüm hadisə idi. O, həmçinin Lənkəran zonasının flora və faunası, folkloru ilə bağlı tədqiqatların müəllifidir.

Sovet dövründə də fəaliyyətini davam etdirən Teymur bəy Bayraməlibəyov 1937-ci ildə vəfat edib.

Sonda Teymur bəy Bayraməlibəyovun nəticəsi, publisist Teymur Atayev filmin hazırlanmasında əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.