Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan “Rəssamlar görüşü”nə bu il Türkiyənin Safranbolu şəhəri (Karabük vilayəti) ev sahibliyi edib.

Sayca 22-ci yaradıcılıq emalatxanası TÜRKSOY-un və  Safranbolu Bələdiyyəsinin birgə təşkilatçılığı ilə avqustun 16-dan 27-dək davam edib. Türk dünyasının müxtəlif yerlərindən təsviri sənət ustalarını bir araya gətirən yaradıcılıq görüşünün yekunu olaraq rəssamların bu müddətdə çəkdikləri əsərlərin sərgisi açılıb.

Qeyd edək ki, TÜRKSOY-un 22-ci “Rəssamlar görüşü”ndə  Azərbaycanı dörd fırça ustası təmsil edib. 

Sərgidən bir gün öncə isə layihənin iştirakçıları qədim Amasra şəhərinə (Bartin vilayəti) səfər ediblər. Amasra Safranbolu ilə qardaşlaşmış bələdiyyə olduğu üçün Türk dünyası rəssamlarını qonaq dəvət edib.

Rəssamları salamlayan Amasra Bələdiyyəsinin başqanı Recai Çakır bölgədə həyata keçirilən mədəniyyət layihələri barədə məlumat verib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən “Rəssamlar görüşü” layihəsinin koordinatoru, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi  Elçin Qafarlı qurum adından xatirə hədiyyələrini bələdiyyə başqanına təqdim edib.

Görüşdən sonra rəssamlar 3 min ilə yaxın yaşı olan, memarlığı və təbii gözəllikləri ilə tanınan Amasranın tarixi yerlərini gəziblər.

Avqustun 27-də TÜRKSOY-un 22-ci “Rəssamlar görüşü”nün bağlanış mərasimində Safranbolu Bələdiyyəsinin başqanı Elif Köse və layihənin koordinatoru Elçin Qafarlı çıxış ediblər.

Çıxışlardan sonra iştirakçı rəssamlara sertifikatlar təqdim edilib və sərgi açılıb.

Layihədə bu dəfə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Qaqauziya (Moldova), Tatarıstan, Çuvaşiya, Saxa-Yakutiya (Rusiya Federasiyası), Şimali Makedoniya və Kosovodan ümumilikdə 23 rəssam iştirak edir. Safranbolu Mədəniyyət Mərkəzində sentyabrın 5-dək davam edəcək sərgidə onların  69 əsəri nümayiş olunur.

Qeyd edək ki, TÜRKSOY 23-cü “Rəssamlar görüşü”nü gələn il Azərbaycanda – Şuşada keçirmək niyyətindədir. Şuşa 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçildiyi üçün layihəyə ev sahibliyi etməyə ən uyğun məkandır.

Mehparə Sultanova
Ankara