Mədəniyyət Nazirliyi tərəfindən “Vətənin özü tarixin gözü ilə" adlı layihəyə başlanılıb. Layihənin ilk təqdimatı  böyük şair Molla Pənah Vaqifin Şuşa şəhərindəki muzey-məqbərə kompleksinə həsr olunub.

Baş ağardı, ruzigarım оldu gün-gündən siyah,
Еtmədim, səd hеyf kim, bir mahi ruxsarə nigah,
Qədr bilməz həmdəm ilə еylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, oz lütfünü еylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.

Poeziya sevənlərin qəlbində taxt quran, lirik şeirləri dillər əzbəri olan Molla Pənah Vaqif həm də görkəmli siyasi xadim olub. Qarabağ xanlığının vəziri kimi də Azərbaycan tarixində iz qoyan böyük şair Vətənimizin hüdudlarından kənarda da tanınıb, rəğbətlə anılıb.

Müstəqil Azərbaycanın memarı Heydər Əliyev hələ sovet dövründə respublikaya rəhbərliyi dövründə Qarabağa çox böyük diqqət və qayğı göstərib, tarixi torpaqlarımızda milli ruhun qorunması onun uzaqgörən siyasətinin əsas istiqamətlərindən olub. 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Vaqifin yeri bilinməyən məzarı onun tapşırığı ilə tapılıb. Bu məzarın Vaqifə layiq olmadığını söyləyən Heydər Əliyevin göstərişi ilə şairin qəbri üstündə abidə və türbənin tikintisinə başlanılıb.

Tikintisi 1977-ci ildə başlanan məqbərə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əməkdar memar E.İ.Kanukovun layihəsi əsasında Cıdır düzü yaxınlığında, şairin faciəli surətdə həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucaldılıb.

1982-ci ilin yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. Təntənəli mərasimdə respublikanın rəhbəri Heydər Əliyev, Azərbaycanın  tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə Heydər Əliyev geniş nitq söyləyib, Vaqif türbəsinin açılışının əhəmiyyətindən danışıb.

Yüksək peşəkarlıqla inşa edilən Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirən muzey-məqbərə kompleksi də erməni silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın Şuşa işğal ediləndən sonra vandalizmə məruz qaldı. Kompleksin binası və burada sərgilənən eksponatlar dağıdıldı.

Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 2021-ci il yanvarın 14-də, 39 il əvvəl məqbərənin açıldığı gündə Şuşaya səfəri zamanı abidəni ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.

2021-ci il avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  Şuşada M.P.Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu.

Təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılan məqbərənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb.

Vaqif məqbərə kompleksi həm də əzəmətin, xalqımızın sözə, şeirə, tarixi keçmişinə verdiyi yüksək dəyərin təzahürüdür.