Avqustun 28-də Moskvada “Çoxmillətli Rusiya: müxtəlifliyin birliyi” proqramı çərçivəsində “Xeyirxahlıq Xamovnikidə yaranır” adlı festival keçirilib.

Moskva şəhərinin mərkəzi inzibati dairəsinə aid Xamovniki rayonu müxtəlif xalqların milli mətbəx nümunələrinin təqdim olunduğu restoran və kafelərlə də tanınır.

Tədbirə Rusiyadakı müxtəlif xalqların diaspor təmsilçiləri qatılıb. Azərbaycanı festivalda Əli Kazımovun rəhbərlik etdiyi Moskva Şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatı təmsil edib.

Festival böyük konsert proqramı və kulinariya təqdimatları ilə yadda qalıb.

Tədbirdə əfsanəvi Müslüm Maqomayevin “Mavi əbədiyyət” və “Azərbaycan” (“Baharlı yurdum”) mahnıları səsləndirilib. Qonaqlar Azərbaycan guşəsində paxlava, “Qarabağ kətəsi” və digər milli şirniyyatlardan dadıblar.

Sərgidə həmçinin Azərbaycanın xalq sənətkarlığı nümunələri, tanınmış şəxsiyyətlərin portretləri, ölkəmizin tarixi, mədəniyyəti və görməli yerləri ilə bağlı jurnal və kitablar nümayiş olunub.