Azərbaycan İstiqlal Muzeyi tərəfindən “Şuşa İli" münasibətilə həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” layihəsi çərçivəsində növbəti təqdimat Azərbaycan realist ədəbi düşüncəsinin tanınmış nümayəndələrindən Qasım bəy Zakirə həsr olunub.

Təqdimatda Qasım bəy Zakirin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir. Bildirilir ki, şair 1784-cü ildə Şuşada bəy ailəsində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır.

Qasım bəy təhsilini Şuşada mollaxanada alıb, ərəb və fars dillərini öyrənib. Firdovsi, Nizami, Sədi, Hafiz kimi sənətkarların əsərləri ilə tanış olub.

Qacarın Qarabağa hücumu, şuşalıların müdafiəsi, Qacarın qətli, Vaqifin oğlu ilə birlikdə öldürülməsi, İbrahim xanın vəhşicəsinə güllələnməsi şairin dünyagörüşünün formalaşmasına mühüm təsir edib.

Gənclik illərini at belində, müxtəlif müharibələrdə və döyüşlərdə keçirən Qasım bəy 30-cu illərin sonlarından təsərrüfatla məşğul olmağa başlayır. O, ilin yay fəslini Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirib.

Q.Zakir XIX əsr Azərbaycan ədəbiyyatında realist-satirik poeziyanın əsas yaradıcılarındandır. Həm klassik üslubda müxəmməslər, qəzəllər yazıb, həm də özünə ustad sandığı M.P.Vaqifin realist yolunu davam etdirərək gözəl qoşmalar yaradıb. Şeirlərini olduqca sadə dildə qələmə alan şair xalq poeziyasına bağlı olub. Bu səbəbdən də onun şeirləri səmimiliyi ilə seçilir. Q.Zakir həm də Azərbaycan ədəbiyyatında ictimai hadisələrə realist baxmağı bacaran, ictimai satiranın gözəl nümunələrini yaradan bir şair kimi öz sözünü deyib. O, dövrünün ağır vəziyyətini, çarizmin amansızlığını, müftəxorların, rüşvətxorların əməllərini şeirlərində əks etdirib.

Şair ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində keçirib. 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn olunub.