125 il sonra eyni məkanda...

 

Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada tarixən sözlə sənət həmişə qoşa addımlayıb. XIX əsrdə şəhərin musiqi yığıncaqları ilə yanaşı poeziya məclisləri də ədəbi-mədəni mühitin inkişafında mühüm rol oynayıb. Bu ədəbi məclislərdən ən məşhuru 1864-cü ildə fəaliyyətə başlayan “Məclisi-üns” (“Dostluq məclisi”) olub.

Şuşalı şairlər Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə dövrün görkəmli ziyalısı Mirzə Əli Qazinin mədrəsəsində təşkil olunan söz sənəti məclisi bir müddət sonra Hacı Abbas Agahın evində keçirilib. 1872-ci ildən isə görkəmli şairə, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın himayəsi və rəhbərliyi ilə onun evində davam edən “Məclisi-üns”ün fəaliyyəti daha da genişlənib.

Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, İsgəndər bəy Rüstəmbəyov, Mirzə Sadiq Piran, Baxış bəy Səbur, İsmayıl bəy Daruğə, Məşədi Nəsir Lövhi – ümumilikdə otuzdan çox tanınmış şuşalı şair məclisin daimi üzvləri idilər.

“Məclisi-üns”ə Natəvanın rəhbərlik etməsi onun şöhrətinin artmasına təsir göstərib. Məclisin fəaliyyəti müntəzəm şəkil aldıqca və üzvlərinin sayı artdıqca onun sədası Qarabağın hüdudlarını aşır. Şamaxıdan S.Ə.Şirvani, M.Bixud, A.Zühuri, Şəkidən İ.Nakam, Bakıdan A.Müniri, Naxçıvandan M.T.Sidqi, Lənkərandan M.İ.Qasir Şuşaya – “Məclisi-üns”ün adına məktub yazaraq bu yeni ədəbi məclisi təqdir edirlər.

“Məclisi-üns”ün fəaliyyəti 1897-ci ilədək – Xan qızı Natəvanın vəfatına qədər davam edib. Əlamətdar faktdır ki, qala-şəhərimiz Şuşanın 270 yaşını silsilə tədbirlərlə qeyd etdiyimiz 2022-ci ildə  Xurşidbanu Natəvanın da anadan olmasının 190 illiyidir. Yubiley dövlət başçısının müvafiq sərəncamı ilə qeyd olunur. Yubiley ilində görkəmli şairənin adının “Məclisi-üns”lə qoşa çəkilməsi də təbiidir. Natəvanın vəfatından 125 il sonra “Məclisi-üns” də azad Şuşada bərpa olundu.

Sentyabrın 9-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən toplantı keçirilib.

“Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycanın və digər türkdilli ölkələrin elm, ədəbiyyat xadimləri, digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən kitab sərgisinə baxıblar. Sərgidə Natəvanın əsərlərinin əlyazmaları, rəsmləri də nümayiş olunub.

Vaxtilə Şuşada Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan “Məclisi-üns”ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin – otuzillik erməni işğalı dövründə vandalizmə məruz qalmış bu tarixi binanın qarşısında, açıq havada təşkil edilib.

AYB-nin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi giriş sözü söyləyərək qonaqları salamlayıb.

Toplantıda çıxış edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərimizdə ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, bütün sahələr üzrə genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini deyib. Bildirib ki, eyni zamanda mədəni infrastrukturun bərpası və tarixi yurd yerlərimizə mədəniyyətimizin qaytarılması istiqamətində layihələrin reallaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib.

“Məclisi-üns”ün bərpasının önəmini vurğulayan nazir qeyd edib ki, 1864-cü ildə Şuşada  şeir-sənət xadimlərinin iştirakı ilə yaradılan bu ədəbi məclis 1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini daha da genişləndirib. Bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı “Məclisi-üns” o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitin formalaşması və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb. Məclisə qatılan gənc şairlər ədəbi müzakirələrdə iştirak edib və ustadlardan şeir sənətinin incəliklərini öyrəniblər.

Nazir diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyinin yaradılması qərara alınıb. Birliyin fəaliyyətinin əsas məqsədi Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanın mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir. “İnanırıq ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ədəbi-mədəni ənənələr üzərində yaradılan “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin azad Qarabağa qaytarılması və ədəbi nəsillərin yetişməsi işinə töhfə olacaq”, – deyə Anar Kərimov bildirib.

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AYB-nin sədri, Xalq yazıçısı Anar, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, professor Raqub Kərimov, şair, tərcüməçi, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu çıxış edərək tədbir haqqında fikirlərini bölüşüblər.

Məclisdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın şairləri ud və qanun ifaçılarının müşayiəti ilə şeirlər söyləyiblər. “İgidlərin sözü” layihəsinin iştirakçıları – Vətən müharibəsi qazləri olan şairlər də poetik misralarını dilə gətiriblər.