Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 27 Sentyabr – Anım Günü ərəfəsində “Ömrünü Vətənə bağışlayanlar” adlı tədbir təşkil edilib.

Sentyabrın 26-da keçirilən tədbirə şəhid ailələri, II Qarabağ müharibəsi iştirakçıları, tələbələr qatılıblar.

Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Tariximizə Vətən müharibəsi kimi daxil olan 44 günlük savaşda işğal altında olan torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına azad olunub, üçrəngli bayrağımız yenidən Qarabağda ucalaraq əzəmətlə dalğalanır.

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş igidlərə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Muzeyin əməkdaşı Əli Abuzərov erməni qəsbkarlarının tarix boyu xalqımıza qarşı apardığı təcavüzkar siyasətdən, törətdikləri cinayətlərdən və müzəffər Ordumuzun qazandığı Qələbədən danışıb.

Şəhidlərin ailə üzvləri, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak edən qazilər fikir və düşüncələrini, xatirələrini bölüşüblər.