Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

Layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı qadın geyimi baharı haqqındadır.

Qarabağ bölgəsi qadın geyimləri dəstində çiyin geyimləri özünün rəng seçimi, estetik gözəlliyi, biçim mütənasibliyi və çoxçeşidliliyi ilə diqqəti daha çox cəlb edir. XIX-XX əsrin əvvəllərində Şuşanın qadın geyimləri kompleksində çəpkən, arxalıq, baharı, kürdü, nimtənə, pullu çəpkən və başqa geyim tipləri daha çox istifadədə olunurdu.

Şuşada geniş istifadə olunan qadın üst geyim tipindən biri də baharıdır. Biçim üsuluna və tikiş texnikasına görə küləcə ilə eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval), qol kəsiyinə (adətən yarımqol olurdu) və ətək biçiminə görə (ətək küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı olan baharı bahalı parçalardan (məxmər, tirmə) hazırlanır, yaxası açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri küləcədə olduğu kimi bəzədilirdi.