Xəbər verdiyimiz kimi, 19-21 sentyabr tarixində Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi keçirilib. Konqresin tərəfdaşlarından biri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olub.

Fondun prezidenti Günay Əfəndiyeva Polşaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər də keçirib.

Günay Əfəndiyeva Polşada yaşayan tatar icmasının rəhbəri, ölkənin baş müftisi Tomasz Miskievicz ilə görüşüb. Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstanın Polşadakı diplomatları, həmçinin tatar icmasının nümayəndələri iştirak ediblər.

Görüş zamanı XIV əsrdən Polşada məskunlaşan türk kökənli etnik azlıqlar olan tatarların çoxəsrlik tarixi və mədəni irsinin öyrənilməsi və qorunması yönündə müzakirələr aparılıb.

Günay Əfəndiyeva Avropa ərazisində, o cümlədən Litvada və Polşada yaşayan tatar və karaimlərin mədəniyyətinin mühafizəsi istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.

Fondun prezidenti ilə ötən il keçirilən görüşləri, eləcə də tatarların sıx məskunlaşdığı Belostok şəhəri və Sokoliki bölgəsinə edilən birgə ziyarətləri xatırladan Tomasz Miskievicz, təşkilatın türk xalqlarının qədim mədəni dəyərlərin təbliği və təşviqi yönündə fəaliyyətini yüksək qiymətləndirib. O, tatarların ölkədəki dini və sosial həyatları haqqında danışaraq onlara məxsus olan irsin mühafizəsi və təbliği barədə məlumat verib.

Günay Əfəndiyeva Polşaya səfəri çərçivəsində Frederik Şopen adına Varşava Musiqi Universitetinin rektoru Klaudiusz Baran ilə də görüşüb.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Polşanın, eləcə də Avropanın ən qədim universitetlərindən olan Frederik Şopen adına Varşava Musiqi Universiteti arasında gələcəkdə birgə layihələrin həyata keçirilməsinin önəmi  vurğulanıb, bu istiqamətdə fikir mübadiləsi aparılıb.