Milli Kitabxananın sərgi zalında “27 Sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirilib.

Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, 2 il öncə başlayan və 44 gün sürən II Qarabağ müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfərimizin salnaməsidir. Haqq savaşımızda çoxsaylı şəhidlər verdik. Yüz illər keçsə də, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bu gün bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

Sonda iştirakçılar “27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü” adlı kitab sərgisi ilə tanış olublar.

***

Sentyabrın 27-də Respublika Gənclər Kitabxanasında da Anım Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru Aslan Cəfərov, direktor müavini Xalidə Musayeva, şöbə müdirləri Tamella Məmmədova, Səadət Şəfiyeva, Günay Həsənova çıxış ediblər.

Aslan Cəfərov çıxışında vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsinin hər günü müasir dövlətçilik tariximizin fəxarətli səhifələridir. Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Anım Günü ilə bağlı kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomaterial, “Sənə qələbə yaraşır, Azərbaycan əsgəri!” adlı virtual sərgi nümayiş olunub, “27 sentyabr – Zəfərə gedən yol” adlı ənənəvi kitab sərgisinə baxış keçirilib.