Azərbaycanın Rusiyadakı Səfirliyinin Qonaq evində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Anım mərasimində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, Rusiya ictimaiyyətinin nümayəndələri, o cümlədən Həştərxan Vilayət Dumasının deputatı Oleq Şein iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış şəhər və qəsəbələrimizdəki dağıntıları əks etdirən fotosərgiyə baxıblar. Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətçiliyinin tarixində xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, dövlətimizin başçısı dəfələrlə ən yüksək tribunalardan Azərbaycan xalqının işğalla barışmayacağını bəyan etmişdi. 2020-ci ilin 27 sentyabrında işğalçı Ermənistanın növbəti təxribatından sonra başlanan 44 günlük müharibədə Azərbaycan Ordusu tarixi Qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Səfir diqqətə çatdırıb ki, döyüş meydanında məğlub olduğunu görən çarəsiz düşmən Azərbaycanın yaşayış məntəqələrini bombaladı və nəticədə 100-ə yaxın dinc sakin həlak oldu, 400-dən çox insan yaralandı.
Diplomat müharibədən ötən iki ilə yaxın müddətdə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən də söz açıb. Qeyd edib ki, bizim vəzifəmiz şəhidlərimizin xatirəsini yaşatmaq, onların rəşadətli həyat yolunu gələcək nəsillərə çatdırmaqdır. Azərbaycan xalqı tarixi Zəfərin qəhrəmanlarını heç vaxt unutmayacaq.
Tədbirdə daha sonra RAGB-nin məsul katibi Ceyhun Hüseynov çıxış edib. RAGB-nin rəhbəri Leyla Əliyevanın qəhrəman əsgərlərimizə həsr etdiyi şeir Abbasqulu Həsənovun ifasında səsləndirilib, Fatimə Qəhrəmanlı özünün Şuşaya həsr olunmuş şeirini oxuyub. Gənc azərbaycanlı violonçelist İbrahim Nağıyev və rusiyalı skripkaçı Sofiya Fedotovanın ifalarında musiqilər səsləndirilib.