Xəbər verildiyi kimi, 29 sentyabr – 2 oktyabr tarixlərində Türkiyənin Bursa vilayətinin İznik rayonunda IV Dünya Köçəri Oyunları keçirilir. Oyunlarda Azərbaycan da iştirak edir.

Ölkəmiz qədim milli idman oyunlar – alış güləş, kəmər güləşi, pəhləvan güləşi, qazax güləşi, yağlı güləş, oxatma və s. – ümumilikdə 12 yarış növündə təmsil olunur.

IV Dünya Köçəri Oyunlarında 102 ölkədən ümumilikdə 3 mindən çox idmançı 30-dan çox milli idmanı növü üzrə yarışır.

Yarışların keçirildiyi idman kəndindəki mədəniyyət çadırları da fəaliyyət göstərir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) çadırında Azərbaycanın sənətkarlıq nümunələri də nümayiş olunur. Burada xalçaçı Nazilə Əbilova və dəri üzrə rəngkar Pərvanə Eyyubova zərif və nəfis əl işlərini təqdim edirlər.

Bundan əlavə, Azərbaycanın Türkiyədəki Səfirliyi, eləcə də TİKA (Türk İşbirliği və Koordinasiya Agentliyi) tərəfindən qurulan çadırlarda ölkəmizin mədəni irsi, mətbəx nümunələri nümayiş etdirilir.

Azərbaycandan “Səma” rəqs ansamblı da bu mötəbər tədbirə qatılıb. Ansambl IV Dünya Köçəri Oyunlarında açılış mərasimində çıxış edib.

Qeyd edək ki, türk xalqlarının milli oyunlarını canlandırmaq, inkişaf etdirmək və qorumaq məqsədilə Dünya Köçəri Oyunlarının keçirilməsi təşəbbüsü 2012-ci ildə Bişkekdə Türk Şurasının (2021-ci ildən Türk Dövlətləri Təşkilatı) sammitində qaldırılıb. Təşəbbüs Türk Şurasına üzv ölkələrin dövlət başçıları tərəfindən dəstəklənib və oyunlar ilk dəfə 2014-cü ildə Qırğızıstanda gerçəkləşib.

Sonrakı iki Oyunlara da (2016, 2018) Qırğızıstan ev sahibliyi edib. Yarışlar İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində keçirilib.

Türk Şurasına üzv ölkələrin dövlət başçılarının 2018-ci ildə Çolpon-Ata şəhərində keçirilən zirvə görüşündə növbəti – IV Dünya Köçəri Oyunlarının 2020-ci ildə Türkiyədə təşkil olunmasına dair qərar qəbul olunmuşdu. Oyunlara ev sahibliyi Bursaya verildi.

Lakin 2020-ci ildə başlanan pandemiya səbəbindən Oyunlar əvvəlcə 2021-ci ilə, sonra isə 2022-ci ilə ertələndi. Bu il Bursanın həmçinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olması bu beynəlxalq tədbirin əhəmiyyətini daha artırıb. IV Dünya Köçəri Oyunlarına rekorda sayda ölkə və idmançının qatılması da bunun göstəricisidir. Xatırladaq ki, bundan öncəki III Dünya Köçəri Oyunlarında 62 ölkədən 2 minə yaxın iştirakçı olmuşdu.