Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan sənət yarışmasının qalibləri elan edilib

 

ICESCO, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçirilən İslam dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) 11-ci Beynəlxalq müsabiqəsi başa çatıb.

Müsabiqəyə Azərbaycan, Türkiyə, Başqırdıstan (Rusiya Federasiyası), İran, Türkmənistan, Özbəkistan, Qazaxıstandan ifaçılar qatılıb. Hər ölkəni 2 gənc istedad və bir mütəxəssis (beynəlxalq münsiflər heyətinin üzvü kimi) təmsil edib.

Builki müsabiqə dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyinə həsr olunub.

Sentyabrın 30-da BMA-da müsabiqənin finalı gerçəkləşib. Tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Kamran Rəsulzadə və beynəlmiləl tərkibli münsiflər heyətinin sədri, Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb və müsabiqənin əhəmiyyətindən söz açıblar.

Sonra iki kateqoriya üzrə qaliblər elan edilib. Kiçik yaş qrupu üzrə “Orkestr” nominasiyasında  ölkəmizdən Surə Həsənli birinci yerə layiq görülüb. II yeri Samir Ayupov (Özbəkistan), III yeri Karakat Başanova (Qazaxıstan) qazanıb. “Fortepiano” nominasiyası üzrə Hüseyn Quliyev (Azərbaycan) I yerə, Aynur Otuzova (Türkmənistan) II yerə, Xalidə Qocayeva (Azərbaycan) II yerə layiq görülüb.

Böyük yaş qrupunda “Orkestr” nominasiyasında Darya Valeyeva (Başqırdıstan – RF) I, Kovus Başımov (Türkmənistan) II, Dərya Kesenbek (Qazaxıstan) III olub. “Fortepiano” nominasiyası üzrə Asadbek İsmailov (Özbəkistan, I yer), Leyla Hüseynzadə (Azərbaycan, II yer), Mahnı Hacıhəsənzadə (İran, III yer) qalib olublar. 

Müsabiqənin Qran-pri mükafatına isə Türkiyədən Hüseyn Turna sahib olub.

Müsabiqədə həvəsləndirici mükafatların da sahibləri elan edilib. “Ən kiçik iştirakçı” nominasiyası üzrə Sofiya Velilyayeva, “Azərbaycan bəstəkarının əsərinin mahir ifasına görə” Anna Mirzayeva, “Fərqli ifa manerasına görə” Juk Artemiy (hər üçü Özbəkistandan) həvəsləndirici mükafat alıblar.

Tədbirin sonunda gənc ifaçıların iştirakı klassik musiqi parçalarından ibarət konsert proqramı təqsim olunub. 

Qeyd edək ki, müsabiqənin təşkilat komitəsinə 100-dən artıq iştirakçı ərizəsi daxil olub və 80-ə yaxın gənc istedad iki yaş qrupu (böyük və kiçik) üzrə keçirilən dinləmələrə buraxılıb. Azərbaycanın Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundovanın rəhbərlik etdiyi münsiflər heyəti gənclərin ifasını dəyərləndirib.