İçərişəhərdə Qala divarlarında qanunsuz olaraq  çəkilən qraffitilər tamamilə silinib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, monitorinq nəticəsində qoruq ərazisində 70-dən çox “yazı” və qraffiti aşkarlanıb.

Son bir il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəfələrlə vandalizm aktları ilə qarşılaşıb. Bir müddət əvvəl ictimaiyyətə dünya əhəmiyyətli abidə olan Qala divarlarına qarşı vandalizm aktı barədə məlumat verilmişdi. Tarixi tikilini zədələyən şəxslər vaxtında müəyyən edilib və barələrində qanuni tədbirlər görülüb.

Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən həyata keçirilib.