Milli Kitab Sərgisindən təəssürat

 

Görülən işi heç vaxt gözdən salmaram. Əksinə, bəzəkli-düzəkli edib, yaxşı ənənənin yaranması üçün sevinərəm. Xüsusilə bu əməl kütləvi maariflənmə, bilik və intellektin, zövq və dünyagörüşünün artmasına hesablanıbsa...

Bu oxucu-izləyici təqdirimi qazanan və hər dəfə ziyarət etdiyim tədbirlərdən biri – Milli Kitab Sərgisinin dördüncüsü bu günlərdə, 27 sentyabr – 1 oktyabr tarixlərində gerçəkləşdi.

“Qanun” Nəşrlər Evinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən sərgiyə iki dəfə (29 sentyabr, 1 oktyabr) baş çəkdim. İlk gedişimdə izləyici-alıcıdan çox satıcının olması məni xeyli bədgüman etsə də, sərginin son günü məkanda qələbəlik idi, hətta bəzi stendlər önündə sıxlıq vardı. Hərçənd ilk gedişimdə “Müasir Azərbaycan hekayəsi” kimi maraqlı mövzu ətrafında müzakirənin dinləyiciləri də  elə haqlarında danışılan yazarlar idi.

Bütün hallarda kitab ənənəsini yaratmaq və kütləvi oxucu ilə kitabın sıx təmasını təminat üçün düşünülən tədbir baş tutdu. Yazı başlığına çıxardığım nəsnələr arasında kitab ağır gəlməsə belə, ən azı alıcı, ziyarətçi, kitabçı, hətta kolleksiyaçılar hər vəchlə kitabı xilas etməyə çalışdılar.

Tədbirin təşkilatçısı – “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu ilə ayaqüstü söhbətdə də bu  məqamları soruşdum.  Məsələn, sərgiyə nə qədər nəşriyyat müəssisəsi, kitab satışı və yayımı ilə məşğul olan mağaza qoşulub.

Həmsöhbətim bildirdi ki, təqribən 30 nəşriyyat və kitabçı var, həmçinin 60-dan çox iştirakçı müxtəlif əl işləri, suvenirlər və s. təqdim edir. “Yəni kimin satmağa kitabı var – gətiriblər” cavabında ilkin təəssüratımda yanılmadığıma əmin oldum. Kitab sərgisinə 60 iştirakçının qeyri-sahədən məhsul çıxarması, sadəcə, satmaq həvəsidir...

Sərgi təşkilatçısına bir müşahidə-qənaətimi də dedim: sərgidə bədii əsərlərlə dərs vəsaitləri sanki yarışdadır. Şahbaz Xuduoğlu bunu təsdiq etdi və bildirdi ki, hər nəşriyyat öz istehsalı ilə təmsil olunur və onlara meyar təyin olunmayıb. Bəli, stendlərdə müxtəlif yayın evləri və tədris müəssisələrinin test blokları xüsusilə nəzərə çarpırdı.

Bir sözlə, hər nəşriyyat öz auditoriyasına görə kitablar çıxarmışdı və onların satışına can atırdılar. Bunun üçün müəyyən endirimlər də edirdilər. Uşaq ədəbiyyatı və yayın evlərinin xaricdən gətirdikləri əsasən rus dilində olan illüstrasiyalı nəşrləri çıxmaq şərtilə, orta alıcılıq qabiliyyətinə cavab verən nümunələr kifayət qədər idi.

Bir qisim nəşriyyatlar yalnız son iki ilin kitablarına üstünlük verdiklərindən qiymətləri də kifayət qədər “əlyandıran” idi. Bu stendlər qarşısında seyrəklik idi. Digər bir neçə nəşriyyat isə bazarını endirim aksiyasına (daha çox 1 manata və birini alana biri hədiyyə) ümidli təyin etmişdi.

Şahbaz Xuduoğlu tədbirin ümumi formatına da diqqət çəkdi: “Burada yalnız kitab sərgisi deyil. Biz az qala hər saatdan bir müxtəlif panellərdə müzakirələr, görüşlər edirik.  Gənc şairlər, yazarlar, ifaçılar tədbirə rəng qatmağa, özlərini ifadə etməyə çalışırlar. Əsas odur ki, bütün mövzuların ortasında kitab var...”.

Təşkilatçının təbirincə desək, bəli,  bütün mövzuların ortasında kitab var. Amma bəzi məqamlarda kitaba çatmaq üçün maneə də. Məsələn, sərgi ərazisinin əsas nəzərəçarpacaq hissələrinə hakim kitabdan çox bəzək-düzək əşyaları, əl işləri, müxtəlif yaradıcılıq istiqamətləri üzrə nümunələr idi. Sıralanmış əl işləri arasında – stenddən stendə muncuqdan çantaların, ağacdan oymaların, balıqqulağından boyunbağıların, şüşədən şəkillərin,  çinidən gül və kül qablarının, növbənöv şirniyyatların, üstü yazı-pozulu köynəklərin, çantaların, fərqli texnikalarda şəkillərin və s. fonunda kitab bir az miskin görünürdü.

Təşkilatçıdan sərgiyə maraqla bağlı fikirlərini də öyrəndim. Onun müşahidəsinə görə, maraq artır: “Başqa sərgilər də var və hamımızın ümumi istəyi kitaba marağı artırmaqdır. Təbii ki, ticarət ondan sonra gəlir. İnsanın bir nəsnəyə marağı varsa, mütləq o tələbini təmin etməyə çalışacaq. Bu mənada kitab gərək daim gündəmdə, göz önündə olsun. O zaman maraq artır. Bu mənada sevinirəm ki, tendensiyanı artan xətt üzrə görürəm. Alıcılıq qabiliyyətinə gəlincə, narazı deyilik...”.

Sevindirici haldır ki, alıcılar nəsil etibarilə daha çox gənclər idi. Özü də o gənclər ixtisas sahələrindən daha çox bədii əsərlərə, fəlsəfə və psixologiya ilə bağlı kitablara üstünlük verirdilər. Aralarında məşhur “Zəngin olmağın qızıl qaydaları” ilə bağlı populyar nəşrlərə ümidlənənlər də az deyildi.

Bütün hallarda kitab üzərində əlavə gəlir vergisinin aradan qaldırılması və digər müəyyən güzəştlərin tətbiqinə rəğmən kitabların qiyməti orta alıcılıq qabiliyyətinə münasib deyildi. Düşünürəm ki, kitab istehsalı və onun ticarəti ilə məşğul olanlar alıcı bazarını öyrənməklə yanaşı, onun dövriyyəsini də müşahidə edib işlək mexanizmi təqdim etməlidirlər. Əks halda bu gün çapdan çıxıb, bazara nisbətən baha qiymətə təqdim edilən kitab çox yox, elə növbəti sərgidə endirim səbətində 1 manata təklif olunacaq...

Həmidə Nizamiqızı