Rəqəmsal imkanların sürətlə artdığı müasir dünyada kitabxanalar öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün cəmiyyətdəki rollarına yenidən baxmalıdır.  Bu xüsusda kitabxanaların startap-inkubatorlara çevrilməsi, biznes layihələrində iştirak etməsi, eləcə də marketinq təhqiqatları aparmaqla, müxtəlif əhali qrupları, təşkilatlarla sıx əlaqələr qurması günün vacib tələblərindən biridir.

Biznes-kitabxana əməkdaşlığının qurulmasında  “yaradıcı sahibkarlıq” ideyasının təbliği sahəsində bir sıra tədbirlərin planlaşdırılması, o cümlədən sahibkarlar üçün kitabxanalara turların təşkili, kiçik və orta sahibkarlıq subyektləri üçün “vahid məlumat günü”, “mütəxəssis günü” kimi tədbirlərin, kiçik və orta biznes nümayəndələri ilə  görüşlərin keçirilməsi əhəmiyyət kəsb edir. Buraya elektron növbə  və distansiyadan (internet vasitəsilə) göstərilən xidmətlərin sayının artırılması, vahid informasiya xidməti sisteminin yaradılması, kitabxana-nəşriyyat, kitabxana-muzey, kitabxana-kitab mağazaları, kitabxana-müəllif əlaqələrinin genişləndirilməsi və s. də daxildir.

Kitabxanaların kommersiyalaşdırılmasının əsas ideyası onları xüsusilə şəhər mədəni həyatının mərkəzlərindən biri kimi ictimai məkanlara çevirməkdir. Bu məsələnin həllində özəl  kitabxanaların yaradılması mühüm rol oynaya bilər. Belə kitabxanalar kitab verilişi ilə yanaşı, oxuculara internetdən istifadə etmək, maraqları üzrə onlar üçün müxtəlif görüşlər keçirmək imkanı yaradır. Buraya kinoteatrlar, kompüter oyunları və musiqi seksiyaları cəlb oluna bilər. Şəxsi kitabxanaların icarəyə verilməsi də yerinə düşərdi. Bundan əlavə, özəl kitabxana adi kitabxanalardan fərqli olaraq, kitabları oxucuların evinə və ya ofisinə ödənişli şəkildə çatdıra bilər.

Kitab klubu statusuna malik olan kitabxana-klubların, o cümlədən kitabxana-kitab mağazalarının sayının artırılmasını ticarət kitabxanalarının yaradılmasında mühüm addım kimi qəbul etmək olar. Burada kitabları, CD-ləri pulla icarəyə götürmək olar.

Bacarıqlı marketoloqların kitabxanalara cəlb edilməsinin də əhəmiyyəti böyükdür. Çünki kitabxana marketinqi kitabxana xidmətləri və məhsullarının real və potensial istifadəçilərinin ehtiyac və tələblərinin maksimum şəkildə ödənilməsinə yönəlmiş idarəetmə texnologiyasıdır. Kitabxananın marketoloqu hədəf kimi götürülən oxucu auditoriyasını, onlar üçün nəzərdə tutulan əmtəə və xidmətlər bazarını, rəqibləri asanlıqla təhlil edəcək və bunun əsasında xidmət və məhsulların inkişaf strategiyasını hazırlayacaq.

Beləliklə, kitabxanaları biznes-inkubator kimi təşkil edən zaman həmin sahədə mövcud ən yaxşı təcrübəyə müraciət edilməli və əsas maliyyələşdirmə mənbələri tapılmalıdır. Bu işin davamlı inkişafı və miqyası isə həm də prosesin əsasının necə qoyulmasından asılıdır.

Cəmilə Səmədova
Səbail rayon MKS-nin əməkdaşı