Mədəniyyət naziri Anar Kərimov Mexikoda “Mondiacult – 2022” Dünya Konfransında çıxış edib

 

Xəbər verdiyimiz kimi, 28-30 sentyabr tarixində Meksikanın paytaxtı Mexikoda UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı (“Mondiacult – 2022”) keçirilib.  160 ölkənin təmsil olunduğu konfransda Azərbaycan mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Konfransda “İrs və mədəni müxtəliflik böhran dövründə”, “Yenilənmiş və gücləndirilmiş mədəniyyət siyasəti”, “Mədəniyyət dayanıqlı inkişaf üçün”, “Yaradıcı iqtisadiyyatın gələcəyi” mövzularında müzakirələr aparılıb.

Sentyabrın 29-da Anar Kərimov “İrs və mədəni müxtəliflik böhran dövründə” mövzusuna həsr olunmuş sessiyada çıxış edib.

Nazir çıxışında tədbir iştirakçılarının diqqətini Azərbaycanın otuz ilə yaxın Ermənistanın  işğalı altında olmuş ərazilərində törədilmiş etnik-mədəni soyqırımına yönəldib. Bildirib ki, işğal dövründə Azərbaycanın mədəni irsinə qarşı misli görünməmiş, sistemli və məqsədyönlü əməllər nəticəsində çox sayda məscidlər, tarixi abidələr, müxtəlif mədəniyyət müəssisələri tamamilə dağıdılıb. Təəssüf ki, ölkəmizin tarixi-mədəni irsinə qarşı bu soyqırımı əməlləri beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılanıb.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq  işləri başlanıb və bu kontekstdə mədəni irsin bərpası xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, bu proses mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələri əhatə edir. Anar Kərimov çıxışında işğaldan azad edilmiş ərazilərə texniki missiya göndərilməsi ilə bağlı UNESCO-ya növbəti dəfə çağırış da ünvanlayıb.

Anar Kərimov ölkəmizin yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal çağırışı haqqında da konfrans iştirakçılarına məlumat verib. Bildirilib ki, bu təşəbbüs 2008-ci ildən Azərbaycan tərəfindən irəli sürülmüş, mədəniyyətlərarası dialoqu təşviq edən “Bakı Prosesi” üçün bir müstəvidir. Sözügedən qlobal çağırış dayanıqlı sülhün mədəniyyətə töhfəsinə vurğu etməklə, dünyanın müxtəlif bölgələrində mövcud postmünaqişə vəziyyətlərində sülhün təşviqi modeli kimi tətbiq edilə bilər.

Sessiya zamanı mədəniyyət naziri ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədri qismində QH ölkələri adından bəyanat da səsləndirib. Bəyanatda QH ölkələri irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün bütün formalarını pisləyir, mədəni mülkiyyətin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin əhəmiyyətini qeyd edir.