Mədəniyyət naziri Anar Kərimov Meksika paytaxtındakı “Mondiacult – 2022” Dünya Konfransı çərçivəsində bir sıra görüşlər də keçirib.

 

Albaniyada Azərbaycan mədəniyyət həftəsi keçirilə bilər

 

Albaniyanın mədəniyyət naziri Elva Marqariti ilə görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu, bu kontekstdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin xalqlar arasında mədəni bağların gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.

2023-cü ildə Azərbaycanla Albaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını deyən E.Marqariti Albaniya tərəfinin gələn ilin ilk yarısında Azərbaycan mədəniyyət həftəsinə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Görüşdə iki ölkə arasında UNESCO çərçivəsində əməkdaşlığın mədəniyyətin müxtəlif sahələrində ikitərəfli əlaqələrə də zəmin ola biləcəyi vurğulanıb.

 

Andorra ölkəmizlə əməkdaşlıqda maraqlıdır

 

Anar Kərimov Andorranın mədəniyyət və idman naziri Silvia Riva Qonzalezlə də görüşüb. Görüş zamanı Andorranın “Youth ArtCamp Shusha and Baku” layihəsinə verdiyi dəstəyə görə təşəkkür bildirilib, bu layihənin ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlıq  üçün əlverişli platforma olduğu qeyd edilib. Andorralı nazir ölkəsinin bu əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Bununla yanaşı, UNESCO çərçivəsində əməkdaşlıq və birgə fəaliyyətlər üçün imkanlara diqqət çəkilib. Həmçinin Azərbaycan tərəfindən irəli sürülmüş “Bakı Prosesi” və onun vacib yeni ölçüsü olan “Mədəniyyət naminə sülh” qlobal çağırışına dəstək və bu çərçivədə birgə layihələrin reallaşdırılmasının önəminə vurğu edilib.

 

UNESCO-ya daha bir çağırış

 

Nazir Anar Kərimovun UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə də görüşündə ölkəmizin təşkilatla münasibətlərinə nəzər salınıb. Azərbaycanın təşkilatla əməkdaşlıqda maraqlı olduğu, bir sıra mühüm istiqamətlərdə, xüsusilə də mədəniyyətlərarası dialoq və UNESCO-nun tərəfdaşı olduğu “Bakı Prosesi” çərçivəsində davamlı fəaliyyətin təmin edilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, Anar Kərimov tərəfindən UNESCO-nun öz mandatına uyğun fəaliyyət göstərməsinin vacibliyi qeyd olunub.  İndiyədək edilən çağırışlara rəğmən UNESCO-nun işğaldan azad edilmiş ərazilərə missiya göndərməməsinin Azərbaycan cəmiyyətində haqlı anlaşılmazlıq və suallar doğurduğu nəzərə çatdırılıb. Nazir UNESCO-nu bu texniki səfəri tezliklə reallaşdırmağa çağırıb. UNESCO rəsmisinə həmçinin ölkəmizin təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal çağırışına dair məlumat verilib, dünyanın müxtəlif bölgələrində sülh quruculuğu fəaliyyətlərinə töhfə vermək niyyətini bəyan etmiş bir təşkilat kimi UNESCO-nun ölkəmizin sözügedən təşəbbüsünə soyuq münasibət nümayiş etdirməsinin məyusluq doğurduğu bildirilib.

E.Ottone öz növbəsində təmsilçisi olduğu təşkilatın qeyd olunan məsələlərlə bağlı Azərbaycanla təmaslarının davam etdirilməsinə, eyni zamanda yaradıcı iqtisadiyyat kimi yeni sahələrdə əməkdaşlıq imkanlarının və mümkün fəaliyyətlərin yaxından araşdırılmasına hazır olduqlarını deyib.

 

Serbiya və Meksika ilə mədəni işbirliyi üçün imkanlar

 

Anar Kərimovun Serbiya mədəniyyət və informasiya nazirinin müavini Stanko Blaqoyeviçlə görüşündə iki ölkə arasında  mədəniyyət sahəsində əməkdaşlığın da genişləndirilməsinin vacibliyinə toxunulub. Bu kontekstdə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin təşkilinin bu prosesə töhfə verəcəyi qeyd edilib. Həmçinin UNESCO çərçivəsində ölkələr arasında əməkdaşlığın uğurla inkişaf etdiyi və bu platformada qarşılıqlı dəstək kimi məsələlərin mühüm əhəmiyyəti vurğulanıb.

***

Səfər çərçivəsində daha bir görüş Meksika mədəniyyət nazirinin müavini Marina Nunyez Bespalova ilə keçirilib. Anar Kərimov Meksika rəsmisinə Azərbaycan ərazilərinin erməni işğalı zamanı mədəni irsinə vurulmuş ziyan, işğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri, ölkəmizin mədəniyyət siyasəti ilə bağlı ətraflı məlumat verib. Mədəni mübadilələrin iki ölkə arasında bu sahədə əməkdaşlığa töhfə verəcəyi vurğulanıb. Meksikalı həmsöhbət mədəni irsin qorunması və mədəniyyət obyektlərinin qeyri-qanuni alverinə qarşı mübarizə sahəsində ölkəsinin geniş təcrübəyə malik olduğunu və Azərbaycana bu sahələrdə təlim və ekspert yardımı göstərə biləcəklərini deyib. Azərbaycanın Meksikada tanıdılması üçün bu ölkədə Azərbaycan mədəniyyət günlərinin təşkilinin mühüm rol oynaya biləcəyi qeyd olunub.

***

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 30-da Meksikada fəaliyyət göstərən aparıcı media təşkilatları və beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

Görüş zamanı nazir erməni işğalı nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş ziyan, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair məlumat verib.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 2600-dən artıq tarixi-mədəni abidənin mövcudluğu, bunlardan 706 abidənin dövlət qeydiyyatında olduğu və onların da böyük əksəriyyətinin dağıdıldığı vurğulanıb. Məscidlərin dağıdıldığı və İslam dininə qarşı həqarət olaraq bu məkanlarda heyvanların saxlanıldığı diqqətə çatdırılıb. Eyni zamanda kilsələrin də vandalizmə məruz qaldığı qeyd olunub. Azərbaycan hökumətinin bu ərazilərdə mədəni irsin bərpası istiqamətində davamlı işlər gördüyü, dağıntılara məruz qalmış mənşəyindən asılı olmayaraq bütün tarixi-mədəni abidələrin bərpasında qətiyyətli olduğuna diqqət çəkilib.

Görüş zamanı həmçinin əsrlər boyu Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə dair məlumat verilib, bu sahədə ölkəmizin müxtəlif təşəbbüslərinin olduğu qeyd olunub, mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində nəzərdə tutulan fəaliyyətlərə dair məlumat təqdim edilib.

Anar Kərimovun konfransda çıxışı, habelə bir sıra ikitərəfli görüşləri və eksklüziv müsahibələri Meksika mediasında geniş yayılıb.