Azərbaycan İstiqlal Muzeyinin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə ötən ildən həyata keçirdiyi “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi davam edir.

Oktyabrın 4-də layihə çərçivəsində “Arzular...” adlı tədbir-sərgi gerçəkləşib. Tədbirdə şəhid ailələri, Milli Aviasiya Akademiyasının tələbələri, ictimai birliklərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Sərgidə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda tarix yazan, gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs ediblər. Bildirilib ki, 30 ilə yaxın düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən qəhrəman şəhidlərimiz heç vaxt unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. 

Sonda tədbir iştirakçıları muzeydə qorunan, Vətən müharibəsi şəhidləri – polkovnik-leytenant Əfqan Abdurahmanov, mayor Tofiq Kərimov, tibb xidməti leytenantları Turqut Xəlilbəyli, Adil Əfəndiyev, gizirlər Nicat Səmədov, Təbriz Qasımov, əsgər Sərxan Həsənov, Mustafa Babayev və Seymur Mehdiyevə məxsus 120-yə yaxın şəxsi əşyanın nümayiş olunduğu sərgi ilə tanış olublar.