Müəllif, naşir və oxucuları bir araya gətirən VIII Bakı Beynəlxalq Kitab Sərgisi

 

Respublikamızda kitab sənətinin, nəşriyyat-poliqrafiya sənayesinin inkişafı və son illər bu sahədə görülən işlərin, reallaşan ardıcıl layihələrin nəticəsidir ki, bu gün kitabla bağlı hər hansı tədbir artıq ictimai maraq kəsb edən hadisələr sırasındadır. Ölkəmizdə nəşriyyat işinin səviyyəsi də ildən-ilə yaxşılaşmaqdadır. Bu sahədə ənənə halını alan Bakı Beynəlxalq Kitab Sərgisi xüsusi rol oynayır.

İlk dəfə 2009-cu ildə keçirilən sərgi müəllif, naşir və oxucuları bir araya gətirərək ötən müddətdə əhatə dairəsini və iştirakçı coğrafiyasını genişləndirib. 2021-ci ilədək iki ildən bir təşkil olunan beynəlxalq sərginin ötən ildən etibarən format və dövriliyi daha da təkmilləşib. Artıq hər il keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin məkanı da geniş, miqyas və hədəflərinə uyğundur...

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr tarixində VIII Bakı Beynəlxalq Kitab Sərgisi (“Baku International Book Fair – 2022”) keçiriləcək. Bakı Ekspo Mərkəzində reallaşacaq sərgi “Şuşa İli”nə həsr olunub. Xatırladaq ki, ötən sərgi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmişdi. Bəs builki beynəlxalq kitab bayramı daha nələrlə əlamətdar olacaq?

Oktyabrın 4-də keçirilən mətbuat konfransında bu barədə ətraflı məlumat verildi.

Mətbuat konfransını açan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd etdi ki, builki sərginin öncəkilərdən bir fərqi onun miqyasının daha geniş olmasıdır: “8-ci sərgi “Şuşa İli”nə həsr olunub. Ona görə də çap məhsullarının əksəriyyəti mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib. “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçiriləcək sərgidə 10-dan çox ölkə (Türkiyə, Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və s.), 100-dən artıq yerli və xarici nəşriyyatın iştirakı gözlənilir.

Kitab bayramında həmçinin Azərbaycanın tanınmış yazıçı və şairləri, gənc yazarlar, eləcə də məşhur xarici müəlliflər, sənətçilər iştirak edəcəklər. Sərgidə kitab mağazaları, universitetlər, mədəniyyət mərkəzləri, muzeylər və s. qurumların da iştirakı nəzərdə tutulur.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, qiraət və musiqi saatları, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Builki sərgidə ilk dəfə olaraq azyaşlı oxucular üçün spesifik formada “Uşaq dünyası” adlı stend quraşdırılacaq. Sərgi müddətində müxtəlif formatda ümumilikdə 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarlar”ı olacaqlar. Hər iki müəllifin iştirakı ilə müxtəlif səpkili tədbirlər keçiriləcək. Builki sərginin “fəxri qonaq ölkə”si isə Türkiyədir.

Akif Marifli bildirdi ki, sərgi müddətində 2021-ci ildən Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək!” aksiyası da davam edəcək. Hazırda bu aksiya çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaradılacaq kitabxanalar üçün 94 min nüsxəyə yaxın kitab toplanıb. Sərginin son günü isə təşkilat komitəsi tərəfindən “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımdan ən yaxşı kitabı çap etmiş naşir isə mədəniyyət paytaxtımızın 270 illiyi münasibətilə təsis olunan xatirə nişanı ilə təltif ediləcək.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov vurğuladı ki, ötən ilki sərginin 30 mindən çox ziyarətçisi olub. Sərginin keçiriləcəyi Bakı Ekspo Mərkəzində qurulan infrastruktur onu deməyə imkan verir ki, builki sərgidə daha da çox kitabsevər iştirak edəcək.

Sonda media nümayəndələrinin sualları cavablandırıldı.

Qeyd edək ki, sərginin əsas məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.

Sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Bakı Ekspo Mərkəzində saat 10:00-dan 20:00-dək açıq olacaq sərgiyə giriş ödənişsizdir.

Ziyarətçilər https://bakubookfair.az/az-register/ linki vasitəsilə qeydiyyatdan keçməklə buraxılış vərəqələrini əldə edə bilərlər. Saytda həmçinin VIII Bakı Beynəlxalq Kitab Sərgisi haqqında əlavə məlumat almaq olar.

Nurəddin