Anar Kərimov: “Vətən müharibəsində Qələbəmizdən sonra hərb tariximizə ictimai maraq artıb”

 

Milli Azərbaycan Tarixi Muzeyində bu ilin iyun ayından nümayiş olunan “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” sərgisinin kataloqu çapdan çıxıb. Oktyabrın 3-də muzeydə kataloqun təqdimatı keçirildi.

Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq bildirdi ki, mütəmadi olaraq müəssisədə Azərbaycanın hərb tarixinə həsr olunmuş tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də hazırda muzeydə nümayiş olunan silah sərgisidir. Azərbaycanda silah istehsalının ölkənin hərb tarixinin mühüm səhifələrindən, eyni zamanda sənətkarlığın vacib sahələrindən birini təşkil etdiyini deyən akademik diqqətə çatdırdı ki, yüksək peşəkarlığı ilə seçilən usta-sənətkar kadrlara malik olan Azərbaycanda hələ qədim dövrlərdən silah istehsalı hərtərəfli inkişaf edib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində ölkəmizin hərb tarixinə də ictimai maraq artıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkəmizdə gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan praktiki addımlarla bərabər, elmi əsaslarla yazılmış kitablara da böyük ehtiyac var.

Anar Kərimov qeyd etdi ki, tarixən Azərbaycan ustalarının  hazırladıqları silahlar həmçinin yüksək sənətkarlıq nümunəsi, dekorativ-tətbiqi sənətin şedevrləri olub: “Bu silahların bir çox nümunələri bu gün dünya muzeylərində qorunur. Yeni nəşr olunan kataloq sübut edir ki, tarixən Azərbaycan dekorativ-tətbiqi sənətinin əsas istiqamətlərindən biri də silahsazlıq və metalişləmə olub”.

Kataloqun müəllifi, muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov nəşrin strukturu və əks olunan materiallar haqqında məlumat verdi. Müəllif 300-dən artıq fotoşəkillə zənginləşdirilmiş, nəfis tərtibatlı kataloqda XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı və xüsusiyyətlərindən danışdı. Bildirdi ki, kataloqda sözügedən sərgidə nümayiş olunan eksponatların fotoşəkilləri vasitəsilə silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib: “Kataloqda yer alan, muzeyin Silahlar və bayraqlar fondunda qorunan soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixi ilə bərabər, sənətkarlığın silahsazlıq sahəsinin də yüksək inkişafını nümayiş etdirir. Bu silahlar eyni zamanda yüksək zövqlə hazırlanmış incəsənət əsərləridir”.

S.Əhmədov Azərbaycanın ənənəvi silahlarının sənətkarlıq irsimizin tərkib hissəsi kimi araşdırılmasının vacibliyindən də bəhs edərək bu istiqamətdə praktik fəaliyyətin əhəmiyyətini diqqətə çatdırdı.

Sonra kataloqun hazırlanmasında əməyi olan şəxslərə Milli Azərbaycan Tarixi Muzeyi adından təşəkkürnamələr təqdim edildi.

Sonda Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı hərbi-vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim etdi. Çıxışlar alqışlarla qarşılandı.

Tədbir iştirakçılarına “Silahın mistik gözəlliyi” kataloqu təqdim olundu.

Savalan Fərəcov