Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən bədii tərcümə sənətinin dəyərləndirilməsi və stimullaşdırılması məqsədilə təsis edilmiş mükafata (Dövlət Tərcümə (Mərkəzi) Mükafatı) bu il Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təkmil və müfəssəl filoloji tərcüməsinə görə yazıçı-tərcüməçi Etimad Başkeçid layiq görülüb.

Dövlət Tərcümə Mərkəzindən verilən məlumatda bildirilir ki, Etimad Başkeçid Nikolay Qoqol, Fyodor Dostoyevski, Stiven Kinq, Alberto Moravia, Anton Çexov kimi dünya ədəbiyyatı korifeylərinin, Viktor Jirmunskinin "Xalq qəhrəmanlıq eposu" əsərinin tərcümə müəllifdir. O, həmçinin "Min yol mənə söylər..." romanının, hekayələrin müəllifidir,  "Panoptikum", "Min yol mənə söylər..." kitabları nəşr olunub.

Qeyd edək ki, Dövlət Tərcümə (Mərkəzi) Mükafatına 2020-2021-ci illərdə rus ədəbiyyatı klassiki Sergey Yeseninin “Qara adam” poemasının orijinaldan tərcüməsinə görə Xalq şairi Ramiz Rövşən, ingilis yazıçısı Corc Oruellin “1984” və “Heyvanıstan” romanlarının orijinaldan tərcüməsinə görə  dilçi-alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev,Avstriya yazıçısı Frans Kafkanın “Məhkəmə” romanının orijinaldan tərcüməsinə görə filologiya elmləri namizədi Vilayət Hacıyev və fransız səyyahı Jan Batist Şardənin “Səyahətnamə” əsərinin orijinaldan tərcüməsinə görə şair-publisist Vaqif Aslan layiq görülüblər.